Damcı üsulu ilə torpaqların suvarılması

 

 

Ən geniş yayılmış suvarma üsullarından biri də damcı üsuludur. Damcılarla suvarma üsulu , suvarma suyunun fasiləsiz olaraq kiçik su sərfləri ilə boru kəmərindən su qəbul edən xüsusi damcıladıcılar vasitəsilə tələb olunan miqdarda bilavasitə bitkinin kök sisteminə verilməsindən ibarətdir. Damcı ilə suvarma zamanı birinci olaraq, suvarılacaq sahə və orada hansı bitkilərin əkilməsi planlaşdırılmalıdır. Suyun verilməsi üçün plastik borulardan istifadə etmək məqsədə uyğundur. Sistemə suyun verilməsinə xüsusi diqqət yetirilməlidir. Damcı üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Maili ərazilər də eroziyaya səbəb olmadan suvarıla bilir, suvarmanın aparılmasında külək təsir göstərmir, qrunt sularının səviyyəsi dəyişməz qalır, təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatlar əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır. Meyvə və tərəvəzləri suvararkən damcı üsulu ilə suvarma daha əlverişli olur. Su xüsusi borularla axdığından, buxarlanma və sızma kimi su itkiləri olmur, nəticədə suyun dörddə birinə qənaət edildiyindən özaxımı ilə sulama üsuluna nisbətən daha səmərəli olur. İstixanalarda və tarlalarda geniş tətbiq olunur.