Çay, kanal və onlar üzərindəki qurğular

 

Suvarma sistemləri müntəzəm suvarmanı həyata keçirmək məqsədilə yaradılan müxtəlif növ kanallardan və onların üzərindəki hidrotexniki qurğulardan ibarətdir. Bu qurğular, suvarılacaq əraziyə, su mənbəyindən suvarma suyunu sahəyə çatdırmaq üçün layihələndirilir. Bu sistemlərin layihələndirilməsində əsas şərt, kənd təsərrüfatı bitkilərinin suvarma rejimini nəzərə almaqla, tələb olunan suyun sahəyə verilməsindən ibarətdir. Suvarma sistemləri nəinki bir təsərrüfatın, hətta bir sıra rayonların torpaqlarının suvarmaq imkanına malik ola bilər. Bu sistemi layihələndirərkən ərazinin torpaq, iqlim şəraiti, su mənbəyinin xüsusiyyəti, ərazinin hidgeoloji və geomorfoloji şəraiti, sahələrə tətbiq edilən suvarma üsulları və suvarma texnikası, suvarılan sahənin ölçüləri və s. xüsusiyyətləri nəzərə alınmalıdır. Ümumiyyətlə, hər hansı sahə üzrə suvarma sisteminin tərkibi aşağıdakılardan ibarətdir: suvarılacaq ərazi, su mənbəyi, baş qurğu, magistral kanal, paylayıcı kanallar, təmizləyici suvarma şəbəkəsi, meşə zolağı və yaşıllıq, suvarma kanalları, sutoplayanlar və yol şəbəkəsi üzərində olan hidrotexniki qurğular. Bunlardan əlavə, suvarma sistemləri üzərində lazım gəldikdə qrunt sularının səviyyəsini müşahidə etmək üçün müşahidə quyuları və drenaj şəbəkəsi üzərindəki baxış quyuları nəzərdə tutulur.

 

Əgər suvarma sistemləri bir təsərrüfata xidmət edirsə, təsərrüfatdaxili, bir neçə təsərrüfatın ərazisini suvarmaq üçün yaradılarsa, onda o təsərrüfatlararası suvarma sistemi adlanır.

 

Naxçıvan Muxtar Respublikasında meliorativ sistemlərinin istismarı işinin yaxşı qurulması və suvarılacaq sahələrdən istifadənin səmərəliliyini artırmaq üçün hidrotexniki qurğular və sistemlər texniki cəhətdən təkmilləşdirilir, həm keyfiyyət, həm də kəmiyyət cəhətdən inkişaf etdirilir. Su mənbələri və su ehtiyatlarını mühafizə etmək məqsədilə hidrotexniki qurğuların layihələndirilməsi, tikilməsi və istismarı üçün tədbirlər həyata keçirilir. Su ehtiyatlarından səmərəli istifadə edilməsi yerli şəraitdən asılı olaraq hidrotexniki qurğular vasitəsilə təmin edilir. Hidrotexniki qurğular daşıdıqları məqsəddən asılı olaraq çayın məcrasında müxtəlif formalarda tikilir. Bunlar suyun səviyyəsini qaldıraraq su ilə tikinti arasında müəyyən qarşılıqlı təsir yaradır, sudan səmərəli istifadə edilməsini təmin etməklə bərabər sellərin, daşqınların və fırtınaların təsərrüfata vura biləcəyi zərərləri aradan qaldırır.

 

Suvarılan torpaqlarda kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi üçün hidrotexniki qurğuların düzgün istismar edilməsinə və təhlükəsiz işləməsinə nəzarət edilməlidir.

 

Hidrotexniki qurğular tikilmə yerlərinə görə iki qrupa ayrılır:

 

1.Çay üzərində olan tikintilər

2.Kanal üzərində olan tikintilər

 

Muxtar respublikada çayın axımını nizamlamaq və suyun səviyyəsini qaldırmaq məqsədilə çayın qabağını tamam kəsən basqılı tikintilər, bəndlər, kanal üzərində tikilən su nəql edən qurğular, nasos stansiyaları, subartezian quyuları və kəhrizlər istismar edilir.