Kəhrizlər

Kəhrizlər qrunt sularının öz axını ilə yer səthinə çıxarılması üçün nəzərdə tutulmuş hidrotexniki qurğulardır. Kəhrizlər suvarma və içməli su mənbəyi kimi istifadə edilir. Əhalini içməli su ilə təmin edən kəhrizlərdən dəyirmanları işlətmək, əkinləri, bağ və bostanları suvarmaq üçün, habelə kəhriz üzərində yerləşən qırxpillələrdən soyuducu kimi də istifadə etmək olur.

Kəhrizlər iqtisadi cəhətdən də səmərəli hidrotexniki qurğudur. Belə ki, heç bir enerji sərf etmədən kəhrizlərdən istifadə etmək mümkündür. Kəhriz sistemləri tarixi əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatına alınmış və pasportlaşdırılmışdır.

Muxtar Respublikada 389 kəhriz qeydiyata alınmışdır və su sərfi 1,75 m3/san olan 337 kəhriz istismar olunmaqdadır.