SU MƏNBƏLƏRİ

Naxçıvan Muxtar Respublikası kəskin kontinental iqlim tipinin mövcud olduğu bir regiondur. Bu da onu deməyə əsas verir ki, muxtar respublikamızda suya olan təlabat digər regionlara nisbətən daha çoxdur. Muxtar Respublikada su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-bərabər paylanması və əsasən əkinçilik bölgələrində torpaqların şoranlaşmaya meyilli olması, suya olan təlabatın artması su ehtiyatlarından qənaətlə istifadə olunmasını tələb edir.

Su ehtiyatlarının təbii ehtiyatlar içərisində özünəməxsus yeri və xüsusiyyətləri vardır. Su ehtiyatları insanların, cəmiyyətin həyatında, təbiətin inkişafında xüsusi əhəmiyyətə malikdir.

İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada sudan istifadə olunmasın. Kənd təsərrüfatında suya olan təlabatın həcmi başqa növ ehtiyatlara olan təlabatların həcmindən çoxdur.

Hər hansı ərazinin su ehtiyatı dedikdə yerüstü və yeraltı suların ümumi miqdarı nəzərdə tutulur. Ancaq insanların təsərrüfat fəaliyyətinə yalnız, demək olar ki, su ehtiyatlarının şirin sulara aid olan hissəsi cəlb edilir. Ona görə də hər hansı ərazinin su ehtiyatlarının qiymətləndirilməsi zamanı istifadə üçün yararlı olan su ehtiyatı nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının su ehtiyatı daxili su ehtiyatı və xaricdən daxil olan su ehtiyatı hesabına formalaşır.

Muxtar respublikanın su ehtiyatının əsas hissəsini Arazçayı, Arpaçayı və Naxçıvançayı hövzələri təşkil edir. Su ehtiyatlarının qalan hissəsini xırda çay hövzələri, süni və təbii göllər, bulaqlar və yeraltı suların payına düşür.

Naxçıvan ərazisində yeraltı suların potensial istismar edilən su ehtiyatı müxtəlif hidroloji, hidrogeoloji, iqlim və su təsərrüfatı şəraitində qeyri-bərabər paylanmışdır. İnsanların təsərrüfat fəaliyyətinin çay hövzələrində intensiv inkişafı ilə təkrar istifadə edilməyən axının artması nəticəsində çayların sululuğu azalmışdır.

Naxçıvan ərazisində 400-ə qədər çay vardır. Bunlardan 334-nün uzunluğu 5 km-dən az, 31-i 6-10 km, 24-ü 11-25 km, 7-si 26-50 km, 3-ü 51-100 km, 1-i isə 101 km-dən artıqdır (Arpaçay, Naxçıvançay, Kürküçay, Cəhriçay, Əlincəçay, Gilançay, Parağaçay, Vənəndçay, Düylünçay , Ordubadçay). Çayların qida mənbəyini əsasən mövsümi qarlar, daimi qar, yağış və yeraltı axım təşkil edir.

Muxtar respublika ərazisində irili-xırdalı 90-a qədər göl var. Demək olar ki, bunların hamısı bu və ya digər çayların yuxarı hissəsində, xüsusilə, Biçənək meşəsində, Salvartının ətəklərində və 2500 m-dən artıq yüksəkliklərdə yerləşir. Bunlardan ən böyükləri Batabat gölləri qrupu sistemi, Salvartıgöl, Qanlıgöl və Göygöldür.

Su ehtiyatlarının bolluğu, suyun keyfiyyəti torpaqların münbitliyinə, kənd təsərrüfatı bitkilərinin su təlabatına, məhsuldarlığa təsir göstərir.

Naxçıvan Muxtar Respublikasında ən mühüm çay-su mənbələri aşağıdakılardır:

 

 Arpaçay 

Mənbəyini Ermənistan Respublikasıının ərazisindən Zəngəzur silsiləsinin Cənubu Göyçə silsiləsinin Keçəl təpə və Kürbağlıqaya zirvələrinin 2985 m mütləq yüksəkliyindən götürən Şərqi Arpaçay 780 m mütləq yüksəklikdə Arazçayına tökülür. Onun uzunluğu 126 km, sutoplayıcı hövzəsinin sahəsi isə 2630 km2-dir. Orta çoxillik su sərfi 23,7 mln m3/san olub, illik həcmi 747,5 mln m3ntəşkil edir. Bunun 684,42 mln mErmənistan, 63,08 mln misə muxtar respublika ərazisində formalaşır.

 

 

 

 

 

 

Naxçıvançay 

Naxçıvançay suvarma sistemi əsasən Naxçıvançay hesabına suvarılan ərazini əhatə edir. Naxçıvançayın uzunluğu 81 km, sutoplayıcı sahəsi 1630 km2-ə malikdir. O, Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamaclarının 2720 m mütləq yüksəkliyindən başlayıb, 748 m mütləq yüksəklikdə Arazçayına tökülür. Orta illik su sərfi 164,7 mln m3-dir. Qida mənbəyinin əsasını yeraltı sular təşkil edir.

Naxçıvançayının axımını tənzimləmək və çayın bolsulu dövrü onun suyunu toplayıb suvarmada istifadə etmək üçün bir çox hidrotexniki qurğular yaradılmışdır. Belə ki, çayın mənbəyinə yaxın yerlərdə, məcrasında və məcradan kənarda su anbarları inşa edilmişdir. Bu su anbarlarının bir qismi təbii göllərin genişləndirilməsi hesabına bulaqlar, digərləri isə süni yolla (Uzunoba, Sirab, Heydər Əliyev su anbarları və s.) yaradılmışdır.

 

Əlincəçay 

Əlincəçay Naxçıvan Muxtar Respublikasının üçüncü böyük çayıdır. Bu çay Xəzindərə və Ləkətağ çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Qırxlar dağından şimal-qərbdə, 2800 m mütləq yüksəklikdən götürüb, 695 m yüksəklikdə Gülüstan kəndi yaxınlığında Arazçayına tökülür. Uzunluğu 61 km, sutoplayıcı sahəsi isə 600 km2-dir. Əlincəçay əsasən yeraltı, qar və qismən yağış suları ilə qidalanır. Əlincəçayın illik axım həcmi 51,7 mlnolub, yazda 40,8%, yayda isə 36,2% təşkil edir.

 

 Gilançay

Gilançayının uzunluğu 53 km, sutoplayıcı sahəsi isə 426 km2-dir. O, mənbəyini Eşşək meydan aşırımının 2700 m mütləq yüksəklikdən götürərək, 678 m yüksəklikdə Arazçayına tökülür. Gilançayın əsas qida mənbəyi qar və yağış sularıdır. İllik axımı 97,7 mln mtəşkil edir ki, onun 45,8%-i yaz, 34,1% isə yay aylarına düşür.

 

 Düylünçay

Başlanğıcını dəniz səviyyəsindən 3000 m yüksəklikdən götürən Düylünçay 660 m mütləq yüksəklikdə Arazçayına tökülür. Hövzəsinin sahəsi 123,5 km2, uzunluğu 29,6 km-dir.

 

 Vənəndçay

Mənbəyini dəniz səviyyəsindən 3500 m yüksəklikdən götürüb 650 m yüksəklikdə Arazçayına tökülür. Sutoplayıcı sahəsi isə 91,4 km2, uzunluğu 29,4 km-dir. İllik axın həcmi isə 18 mln m3-dir.

 

 Ordubadçay

Ordubadçay Şıxyurdu dağından dəniz səviyyəsindən 3575 m yüksəklikdən başlayıb 630 m yüksəklikdə Arazçayına tökülür. Onun sutoplayıcı sahəsi isə 42,2 km2, uzunluğu 19 km-dir. Ordubadçayı 10,9 mln m3 illik axına malikdir. Bu çayın suyu ancaq suvarmaya sərf edilir.