Məqalələr

İçməli su və kanalizasiya

 İçməli su və kanalizasiya sistmeləri


“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir. Həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, su anbarlarının, nasos stansiyaların və paylayıcı şəbəkələrin tikilməsi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunmuş, istismara verilmişdir.

Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində o dövrün tələblərinə uyğun qurulan, uzun müddət istismar olunduğundan şəhəri tam əhatə etməməklə yanaşı, artıq yararsız vəziyyətə düşmüş  və əhalinin keyfiyyətli içməli suya olan mövcud tələbatını ödəmirdi. Bəzi məhəllələrdə sakinlər ancaq küçələrdəki su krantlarından istifadə edirdi. Əhaliyə su müəyyən saatlarla verilir, yüksək mərtəbəli evlərə içməli su öz axını ilə qalxmırdı. Əhali tərəfindən binanın çardaq hissəsinə kustar yolla düzəldilmiş su çənləri qoyulur və ayrı-ayrı şəxslərə məxsus nasoslar vasitəsilə çənlərə su vurulurdu. Bəzən su çənlərinin sıradan çıxması və ya suyun daşması yuxarı mərtəbədə yaşayan insanların mənzillərinin yararsız vəziyyətə düşməsinə səbəb olurdu. Su sistemləri köhnəlmiş, borular  paslanmiş, verilən suyun keyfiyyəti yaxşı deyildi. Suyun təmizlənməsi xlorlama ilə aparılır və suyun tərkibində mineralların çoxluğu evlərdə problemlər yaradırdı.

Kanalizasiya şəbəkəsinddə də vəziyyət ürəkaçan deyildi. Şəhər əhalisinin əksəriyyət hissəsi kanalizasiya şəbəkəsindən istifadə etmirdi, kanalizasiya quyularından sular daşaraq küçələrdə gölməçələr yaradır, şəhərin çirkab suları təmizlənmədən Araz çayına və ya sahələrə axıdılırdı. Bu da insan sağlamlığına və ekologiyaya mənfi təsir göstərirdi.

Naxçıvan şəhəri və ətraf kənd­lərdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində reallaşdırılan layihələr artıq başa çatıb.

“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində müasir içməli su və kanalizasiya sistemləri qurulmuşdur.

Naxçıvançay yatağında uzunluğu 2,9 km, dərinliyi isə 6 m olan kaptaj tikilmiş, kaptajdan sutəmizləyici qurğuya qədər uzunluğu 6,4 km olan özüaxınlı şüşə lifli borularla magistral xətt çəkilmişdir.

Babək rayonunun Şıxmahmud kəndi ərazisində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir. Naxçıvan şəhərində nanofiltrli membran tipli su təmizləyici qurğu tikilmişdir. Qurğuda  su ozonla dezenfeksiya olunduqdan sonra 3 mərhələli təmizləmə sistemindən keçərək əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində  böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunmuşdur. Qurğunun gücü saniyədə  472 litrdir. Təmizlənmiş su ümumi tutumu 25000 m3olan 3 ədəd təmiz su anbarlarına yığılır və öz axını ilə şəbəkəyə ötürülür.  Sutəmizləyici qurğudan şəhər şəbəkəsinə qədər hər birinin uzunluğu 3,75 km olmaqla cəmi 7,5 km şüşə lifli borularla özüaxınlı qoşa magistral xətt çəkilmişdir.

Layihə çərçivəsində Naxçıvan şəhəri və Naxçıvan şəhər inzibati ərazisinə aid olan Qaraçuq, Bulqan, Qaraxanbəyli, Hacıniyyət və Tumbul kəndləri, Babək rayonunun Şəkərabad, Xəlilli və Şıxmahmud kəndləri daxil olmaqla içməli su və kanalizasiya şəbəkəsinin tikintisi həyata keçirilmişdir. Suyun əhaliyə fasiləsiz verilməsi üçün 350,1 km daxili su  və 332,5  km  kanalizasiya    şəbəkələri çəkilmiş,  25874 ev birləşməsi aparılaraq sayğac quraşdırılmış, 135 min nəfər sakin fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilmiş və kanalizasiya şəbəkəsinə qoşulmuşdur.

Çirkab suların təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə toplanan kanalizasiya sularının təmizlənməsi üçün bio reaktor, membran tipli Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi  tikilmişdir. Təmizləyici Qurğu gün ərzində 32 min kubmetr çirkab su təmizləmə gücünə malikdir.  Çirkab su 3 mərhələli təmizləmə sistemindən keçərək, ozonla dezenfeksiya olunur və suvarma hovuzuna ötürülür. Təmizlənmiş su ilə suvarma mövsümündə öz axını ilə 170 hektar sahəni, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək olur.    

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində bir çox mühüm tədbirlər həyata keçirilib, su xətləri yenilənib, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikilib, magistral xətlər çəkilib, yeni su və kanalizasiya şəbəkələri qurulub, çirkab sutəmizləyici qurğular yaradılıb, sayğaclaşma işləri aparılıb. 

Şərur, Şahbuz, Culfa,  Babək, Ordubad, Sədərək, Kəngərli rayonunda ümumilikdə ümumi tutumu 77500 m3  olan 15  su anbarı və 3,9 km kaptaj xətti  tikilmiş,  651  km içməli su xətti çəkilmiş, 15735  su birləşməsi aparılaraq sayğac quraşdırılmışdır. Həmçinin, kanalizasiya sularını kənarlaşdırmaq üçün  368 km kanalizasiya xətti çəkilmiş, 11350 kanalizasiya bağlantısı aparılmışdır. Beləliklə, 86300 nəfər sakin fasiləsiz olaraq təmiz içməli su ilə təmin edilmişdir.

Culfa rayonunda tikilmiş membran tipli sutəmizləyici qurğu gün ərzində 10800 m3 və Şahbuz rayonunda tikilmiş sutəmizləyici qurğu  gün ərzində 6600 m3, Şərur rayonunda tikilmiş sutəmizləyici qurğu gün ərzində 20400 msu təmizləmə gücünə malikdir. 

Çirkab sularının təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə Naxçıvançay kənarında tikilən Şahbuz şəhər təmizləyici qurğuları gün ərzində 2800 mçirkab su təmizləmə gücünə malikdir.

Tikinti işləri aparılarkən muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su və kanalizasiya sistemlərinin uzun müddət istismarına imkan verəcəkdir.

Görülən işlər insan həyatı və sağlamlığı üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi ilə bağlı problemləri həll etmək və əhalinin suya olan təlabatını  ödəməkdir. Müasir içməli su sistemlərinin qurulması insanların həyat səviyəsinin yüksəldilməsinə və rahat yaşayışlarına xidmət edir.

 

 

Təmizləyici qurğular

Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi  

İqtisadi cəhətdən səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, suda olan bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılmış kompüterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir.
İlkin mərhələdə dezinfeksiya etmək üçün suya xüsusi qurğu vasitəsi ilə havadan ozon vurulur. Mexaniki filtrlərə daxil olan su 100 mikrona qədər təmizlənir və avtomatik əks-yuma aparılır. Bundan sonra su 2 mərhələli filtrdən keçərək 0,001 mikrona qədər təmizlənir. Ehtiyac olduğu halda təmizlənmiş suya natrium hipoxlorid qatılaraq su anbarlarına vurulur.

Bunun üçün binada natrium hipoxlorid qurğusu yerləşir. Qurğu duz çənindən, məhlulu yumşaltma sistemindən, elektrolizə­etmə sistemindən və hazır natrium hipoxloridin yığılması üçün 3 tonluq çəndən ibarətdir. Məhsuldarlığı saniyədə 472 litr olan sutəmizləyici qurğu əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etməklə yanaşı, həm də elektrik enerjisinə qənaət olunmasına imkan verir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilmişdir. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özü­axımlı rejimdə təmin olunmasına imkan verir. Ümumilikdə, bu qurğunun fəaliyyəti 135 min istifadəçini əhatə edir.

 

 

 Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi 

Kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma,havatəmizləyici qurğular quraşdırılıb.  Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib. Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır. Bundan əlavə olaraq 2 hektar sahə tullantıların saxlanması və qurudulması üçün ayrılmışdır. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olur.

 

Culfa şəhər sutəmizləyici qurğu

Sutəmizləyici qurğu  gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər Türkiyə, membranlar isə Amerika istehsalıdır.

 

 

 

 

Şahbuz şəhər sutəmizləyici qurğu

Su­təmizləyici qurğu  gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır.

 

 

 

  

 

Şahbuz şəhərində təmizləyici qurğular sistemi

 Almaniya və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılan təmizləyici qurğular sistemi gün ərzində 2800 kubmetr çirkab su təmizləmək gücünə malikdir. İri tullantı və qumtutucu qurğu binasından, hovuzlardan, mexaniki filtirli təmizləyici qurğudan, palçıqqurutma qurğusundan, idarəetmə və kompressor binalarından ibarət olan sistemin hovuzlarının tutumu 7200 kubmetrdir.
Təmizləyici qurğu 3 mərhələli – fiziki, bioloji və mexaniki filtirli təmizləmə sistemlərindən ibarətdir. Daxil olan su əvvəlcə fiziki təmizlənir və 1 millimetrdən böyük olan tullantılar kənarlaşdırılır. Sonra su bioloji təmizləmədən keçirilir. Bu zaman hovuzlara oksigen vurulur və lil çökdürülür. İkinci mərhələ də başa çatdıqdan sonra su mexaniki filtirlərdə 10 mikrona qədər təmizlənir və ultrabənövşəyi şüa ilə dezinfeksiya olunaraq təsərrüfat suyu kimi Naxçıvançaya axıdılır. Lilçökdürücü hovuzdan nasoslar vasitəsilə çənlərə vurulan lil lilqurutma qurğusunda tam susuzlaşdırıldıqdan sonra ərazidən daşınır.

 

Şərur şəhər sutəmizləyici qurğu

 

Su­təmizləyici qurğu  gün ərzində 20 min 400 kubmetr və ya saniyədə 236 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 400 kubmetr olan 2 xam, ümumi tutumu 27500 kubmetr olan üç təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda suyun təmizlənməsi İsveçrə və Türkiyə istehsalı olan 3 mərhələli filtr qurğuları vasitəsilə həyata keçirilir.