Məqalələr

Çay, kanal və onlar üzərindəki qurğular

 

Suvarma sistemləri müntəzəm suvarmanı həyata keçirmək məqsədilə yaradılan müxtəlif növ kanallardan və onların üzərindəki hidrotexniki qurğulardan ibarətdir. Bu qurğular, suvarılacaq əraziyə, su mənbəyindən suvarma suyunu sahəyə çatdırmaq üçün layihələndirilir. Bu sistemlərin layihələndirilməsində əsas şərt, kənd təsərrüfatı bitkilərinin suvarma rejimini nəzərə almaqla, tələb olunan suyun sahəyə verilməsindən ibarətdir. Suvarma sistemləri nəinki bir təsərrüfatın, hətta bir sıra rayonların torpaqlarının suvarmaq imkanına malik ola bilər. Bu sistemi layihələndirərkən ərazinin torpaq, iqlim şəraiti, su mənbəyinin xüsusiyyəti, ərazinin hidgeoloji və geomorfoloji şəraiti, sahələrə tətbiq edilən suvarma üsulları və suvarma texnikası, suvarılan sahənin ölçüləri və s. xüsusiyyətləri nəzərə alınmalıdır. Ümumiyyətlə, hər hansı sahə üzrə suvarma sisteminin tərkibi aşağıdakılardan ibarətdir: suvarılacaq ərazi, su mənbəyi, baş qurğu, magistral kanal, paylayıcı kanallar, təmizləyici suvarma şəbəkəsi, meşə zolağı və yaşıllıq, suvarma kanalları, sutoplayanlar və yol şəbəkəsi üzərində olan hidrotexniki qurğular. Bunlardan əlavə, suvarma sistemləri üzərində lazım gəldikdə qrunt sularının səviyyəsini müşahidə etmək üçün müşahidə quyuları və drenaj şəbəkəsi üzərindəki baxış quyuları nəzərdə tutulur.

 

Əgər suvarma sistemləri bir təsərrüfata xidmət edirsə, təsərrüfatdaxili, bir neçə təsərrüfatın ərazisini suvarmaq üçün yaradılarsa, onda o təsərrüfatlararası suvarma sistemi adlanır.

 

Naxçıvan Muxtar Respublikasında meliorativ sistemlərinin istismarı işinin yaxşı qurulması və suvarılacaq sahələrdən istifadənin səmərəliliyini artırmaq üçün hidrotexniki qurğular və sistemlər texniki cəhətdən təkmilləşdirilir, həm keyfiyyət, həm də kəmiyyət cəhətdən inkişaf etdirilir. Su mənbələri və su ehtiyatlarını mühafizə etmək məqsədilə hidrotexniki qurğuların layihələndirilməsi, tikilməsi və istismarı üçün tədbirlər həyata keçirilir. Su ehtiyatlarından səmərəli istifadə edilməsi yerli şəraitdən asılı olaraq hidrotexniki qurğular vasitəsilə təmin edilir. Hidrotexniki qurğular daşıdıqları məqsəddən asılı olaraq çayın məcrasında müxtəlif formalarda tikilir. Bunlar suyun səviyyəsini qaldıraraq su ilə tikinti arasında müəyyən qarşılıqlı təsir yaradır, sudan səmərəli istifadə edilməsini təmin etməklə bərabər sellərin, daşqınların və fırtınaların təsərrüfata vura biləcəyi zərərləri aradan qaldırır.

 

Suvarılan torpaqlarda kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi üçün hidrotexniki qurğuların düzgün istismar edilməsinə və təhlükəsiz işləməsinə nəzarət edilməlidir.

 

Hidrotexniki qurğular tikilmə yerlərinə görə iki qrupa ayrılır:

 

1.Çay üzərində olan tikintilər

2.Kanal üzərində olan tikintilər

 

Muxtar respublikada çayın axımını nizamlamaq və suyun səviyyəsini qaldırmaq məqsədilə çayın qabağını tamam kəsən basqılı tikintilər, bəndlər, kanal üzərində tikilən su nəql edən qurğular, nasos stansiyaları, subartezian quyuları və kəhrizlər istismar edilir.

 

 

 

Nasos stansiyalar

 

Təbii yolla suvarılması mümkün olmayan ərazilərin suvarma suyu ilə təmin edilməsi üçün mexaniki suvarma üsulundan istifadə edilir.

Respublikanın əsas su mənbələri olan olan Araz, Arpaçay, Naxçıvançay çaylarında və  süni yaradılmış su hövzələri üzərində quraşdırılan nasos stansiyaları suvarma və su təchizatı sistemlərinin su ilə təmin edilməsini həyata keçirir. Bundan başqa respublikada meliorativ tədbirlər aparılmış sahələrdə axıdılan kollektor-drenaj sularının nəql etdirilməsində də nasos stansiyalarından istifadə edilir. Muxtar respublika ərazisinin 24370 ha sahəsi texniki suvarma vasitəsilə suvarılır.

 

 

 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan  nasos stansiyaları

 

 S/S  Nasos stansiyaların  göstəriciləri

 Ölçü vahidi    Cəmi
 1. Nasos stansiyalarının sayı     ədəd  105
 2. Aqreqatların sayı   ədəd  219

 

                                                               

Kəhrizlər

Kəhrizlər qrunt sularının öz axını ilə yer səthinə çıxarılması üçün nəzərdə tutulmuş hidrotexniki qurğulardır. Kəhrizlər suvarma və içməli su mənbəyi kimi istifadə edilir. Əhalini içməli su ilə təmin edən kəhrizlərdən dəyirmanları işlətmək, əkinləri, bağ və bostanları suvarmaq üçün, habelə kəhriz üzərində yerləşən qırxpillələrdən soyuducu kimi də istifadə etmək olur.

Kəhrizlər iqtisadi cəhətdən də səmərəli hidrotexniki qurğudur. Belə ki, heç bir enerji sərf etmədən kəhrizlərdən istifadə etmək mümkündür. Kəhriz sistemləri tarixi əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatına alınmış və pasportlaşdırılmışdır.

Muxtar Respublikada 389 kəhriz qeydiyata alınmışdır və su sərfi 1,75 m3/san olan 337 kəhriz istismar olunmaqdadır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Subartezian quyuları

 

Muxtar respublikada suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularından həm də torpaq sahələrində qrunt sularının səviyyəsini aşağı salmaqla şoranlaşmanın qarşısının alınması məqsədilə istifadə edilir. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında 931 ədəd subartezian quyusu vardır. Muxtar respublika ərazisində subartezian quyuları vasitəsilə suvarılan fiziki sahə təqribən 2252 hektardır.