Məqalələr

 SU ANBARLARI 

Naxçıvan Muxtar Respublikasında iqlimin quraq olması nəzərə alınaraq burada bir çox su anbarları tikilmişdir. Çayların axımını tənzimləmək məqsədilə su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir. Böyük su anbarları (“Araz su anbarı”, “Arpaçay su anbarı” “Heydər Əliyev su anbarı”) kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir. Muxtar respublikadakı su anbarlarının əsas qidalandığı mənbələr Arazçay, Arpaçay, Naxçıvançay, Əlincəçay, Cəhriçay, Azaçay, Vənəndçay, Düylünçay çayları, həmçinin bulaqlar və kəhrizlərdir.

Naxçıvan Muxtar Respublikasının ərazisində Araz su anbarı istisna olmaqla, ümumi həcmi 303,52 mln molan irili-xırdalı 31 istismar edilən su anbarı mövcuddur. Su anbarları təyinatına, rejim xarakteristikasına, parametrlərinə və təbii şəraitinə görə müxtəlifdir.

Su anbarları öz vəzifəsini yerinə yetirərək su ehtiyatlarının həcminin artırılması üçün mühüm vasitədir. Su anbarları əsas su mənbələri olmaqla il boyu suvarma suyuna olan təlabatı ödəyir. Torpaq sahələrinin əksər hissəsinin suvarılması su anbarları vasitəsilə həyata keçirilir.

 

Araz su anbarı 

Araz su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. İran İslam Respublikası və Azərbaycan Respublikası ilə birgə tikilmiş bu su anbarı, birgə energetika və suvarma məqsədilə istismar olunur. Su anbarının ümumi həcmi 1254 mln m3, faydalı həcmi 1070 mln m3-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan sahələri su ilə təmin edilmişdir.

 

Arpaçay su anbarı 

1977-ci ildə istismara verilmiş Arpaçay su anbarı Arpaçayın gətirmə konusundan bir neçə kilometr yuxarıda, okean səviyyəsindən 910 m hündürlükdə Dərələyəz dağlarının konyonvari dərəsi üzərində tikilmişdir. Su anbarının tam həcmi 150 mln m3, faydalı tutumu isə 140 mln m3-dir. Muxtar respublika ərazisində 17370 hektar əkin sahəsini suvarır.

 

Heydər Əliyev su anbarı

Naxçıvançay üzərində tikilən Vayxır su anbarının (indiki Heydər Əliyev su anbarı) layihəsi 1981-ci ildən hazırlanmış, 1983-cü ildə inşaat işlərinə başlanmışdır. Lakin həmin zaman yaranmış şəraitlə əlaqədar olaraq tikinti işləri başa çatdırılmamışdı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Vayxır su anbarının tikintisini də gündəliyə gətirmiş və 2002-ci ildə tikinti işlərinin davam etdirilməsinə başlanmışdır. 2005-ci ilin dekabrın 19-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev su anbarı istifadəyə verilmişdir.

Su anbarının ümumi həcmi 100 mln m3, faydalı həcmi 90 mln m3-dir, ümumi suvarma sahəsi 16830 hektardır. Uzunluğu 24,2 km olan sağ sahil magistral kanalı və uzunluğu 30,35 km olan sol sahil magistral kanalı tikilmişdir.

  

Bənəniyar su anbarı 

Məcradan kənar Bənəniyar su anbarı 1990-cı ildə istismara verilmişdir. Su anbarı Culfa və Babək rayonları ərazisində təxminən 4230 hektar əkin sahəsinin suvarılmasına imkan yaratmışdır. Anbarı su ilə qidalandırmaq üçün su anbarından təxminən 7 km yuxarıda Əlincəçayı üzərində suqəbuledici qurğu və uzunluğu 7,7 km olan gətirici kanal tikilmişdir. Həcmi 17,4 mln m3-dir.

 

Sirab su anbarı

Babək rayonunun Sirab kəndi ərazisində yerləşən Sirab su anbarı 1980-ci ildə istismara verilmişdir. Qidalanma mənbəyi Naxçıvançaydan kanal vasitəsilədir. Heydər Əliyev su anbarı istifadəyə verildikdən sonra əsasən sol sahil kanalı vasitəsilə qidalanır. Su anbarının ümumi həcmi 12,7 mln m3, faydalı həcmi 12 mln m3-dir. Anbarın suvardığı sahə 2700 hektardır.

 

  Uzunoba su anbarı

Uzunoba su anbarı 1961-ci ildə istifadəyə verilmişdir. Su anbarı Naxçıvançay çayının sol sahilində Uzunoba kəndindən 2 km qərbdə, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşmişdir. Ümumi həcmi 7.2 mln m3, faydalı həcmi 7,2 mln m3 olan bu su anbarının əsas qidalanma mənbəyi Naxçıvançayın suyu hesabınadır.

Uzunoba su anbarı Babək rayonunda əkin sahələrinin su ilə təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Bu göl tikildikdən sonra 1730 hektar torpaq sahəsi su ilə təmin edilmişdir.

 

Nehrəm su anbarı

Nehrəm su anbarı 1965-ci ildə istifadəyə verilmişdir. O, dəniz səviyyəsindən 900 m mütləq yüksəklikdə yerləşir. Su anbarının su tutumu 6 mln m3-dir. Su anbarının suyu ilə 1540 hektardan çox əkin sahəsi suvarılır.

 

Batabat gölləri

Batabat gölləri 0, 1 və 2 saylı göllərdən ibarətdir. Bu göllər təbii göllər əsasında yaradılmış kiçik su anbarlarıdır. Batabat göllərində 1952-1955-ci illərdə bənd tikilərək həcmləri genişləndirilmişdir. Həcmi 1,58 mln m3-dir. Göllər uyğun olaraq dəniz səviyyəsindən 2000, 2050, 2113 m yüksəklikdə yerləşir. Qida mənbəyini qar və yeraltı sular təşkil edir.

 

Qanlı göl

Qanlı göl, Keçəldağın cənub-qərb ətəyində dəniz səviyyəsindən 2424 m yüksəklikdə yerləşir. Bu göl 1864-cü ildə Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Kəlbəli xan Kəngərlinin himayəsi ilə tikilmişdir. Gölün həcmi 0,85 mln m3-dir, qida mənbəyi qar və bulaq sularıdır. Qanlı gölün suyundan suvarmada geniş istifadə olunur.

 

Məzrə gölü

Bu göl 1980-ci ildə tikilib istismara verilmişdir. Gölün həcmi 1 mln mtəşkil edir. Məzrə gölünün suyu ilə 200 hektardan çox əkin sahələri su ilə təmin olunur.

 

Digər göllər

Cəhri gölləri 1979-1981-ci illərdə suvarma məqsədi ilə tikilmişdir. Həcmləri isə 2,6 mln mtəşkil edir. Bu göllərin suyu ilə Cəhri qəsəbəsinin əkin sahələri su ilə təmin olunur. Dizə və Qahab gölləri 1940-1970-ci illər ərzində yaradılmışdır. Göllərin su tutumları 1,24 mln mtəşkil edir. Dizə və Qahab gölləri həyətyanı əkin sahələrinin suvarılmasında müstəsna rol oynayaraq kəndin əkin sahələrini su ilə təmin edir.

Aza və Gilan gölləri 1984-1985-ci illərdə tikilib istifadəyə verilmişdir. Göllərin su tutumları 0.45 mln m3-dir. Aza və Gilan göllərinin suyu ilə Ordubad rayonunun əkin sahələri su ilə təmin olunmuşdur.

 

 

 

 

 

 

SU MƏNBƏLƏRİ

Naxçıvan Muxtar Respublikası kəskin kontinental iqlim tipinin mövcud olduğu bir regiondur. Bu da onu deməyə əsas verir ki, muxtar respublikamızda suya olan təlabat digər regionlara nisbətən daha çoxdur. Muxtar Respublikada su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-bərabər paylanması və əsasən əkinçilik bölgələrində torpaqların şoranlaşmaya meyilli olması, suya olan təlabatın artması su ehtiyatlarından qənaətlə istifadə olunmasını tələb edir.

Su ehtiyatlarının təbii ehtiyatlar içərisində özünəməxsus yeri və xüsusiyyətləri vardır. Su ehtiyatları insanların, cəmiyyətin həyatında, təbiətin inkişafında xüsusi əhəmiyyətə malikdir.

İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada sudan istifadə olunmasın. Kənd təsərrüfatında suya olan təlabatın həcmi başqa növ ehtiyatlara olan təlabatların həcmindən çoxdur.

Hər hansı ərazinin su ehtiyatı dedikdə yerüstü və yeraltı suların ümumi miqdarı nəzərdə tutulur. Ancaq insanların təsərrüfat fəaliyyətinə yalnız, demək olar ki, su ehtiyatlarının şirin sulara aid olan hissəsi cəlb edilir. Ona görə də hər hansı ərazinin su ehtiyatlarının qiymətləndirilməsi zamanı istifadə üçün yararlı olan su ehtiyatı nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının su ehtiyatı daxili su ehtiyatı və xaricdən daxil olan su ehtiyatı hesabına formalaşır.

Muxtar respublikanın su ehtiyatının əsas hissəsini Arazçayı, Arpaçayı və Naxçıvançayı hövzələri təşkil edir. Su ehtiyatlarının qalan hissəsini xırda çay hövzələri, süni və təbii göllər, bulaqlar və yeraltı suların payına düşür.

Naxçıvan ərazisində yeraltı suların potensial istismar edilən su ehtiyatı müxtəlif hidroloji, hidrogeoloji, iqlim və su təsərrüfatı şəraitində qeyri-bərabər paylanmışdır. İnsanların təsərrüfat fəaliyyətinin çay hövzələrində intensiv inkişafı ilə təkrar istifadə edilməyən axının artması nəticəsində çayların sululuğu azalmışdır.

Naxçıvan ərazisində 400-ə qədər çay vardır. Bunlardan 334-nün uzunluğu 5 km-dən az, 31-i 6-10 km, 24-ü 11-25 km, 7-si 26-50 km, 3-ü 51-100 km, 1-i isə 101 km-dən artıqdır (Arpaçay, Naxçıvançay, Kürküçay, Cəhriçay, Əlincəçay, Gilançay, Parağaçay, Vənəndçay, Düylünçay , Ordubadçay). Çayların qida mənbəyini əsasən mövsümi qarlar, daimi qar, yağış və yeraltı axım təşkil edir.

Muxtar respublika ərazisində irili-xırdalı 90-a qədər göl var. Demək olar ki, bunların hamısı bu və ya digər çayların yuxarı hissəsində, xüsusilə, Biçənək meşəsində, Salvartının ətəklərində və 2500 m-dən artıq yüksəkliklərdə yerləşir. Bunlardan ən böyükləri Batabat gölləri qrupu sistemi, Salvartıgöl, Qanlıgöl və Göygöldür.

Su ehtiyatlarının bolluğu, suyun keyfiyyəti torpaqların münbitliyinə, kənd təsərrüfatı bitkilərinin su təlabatına, məhsuldarlığa təsir göstərir.

Naxçıvan Muxtar Respublikasında ən mühüm çay-su mənbələri aşağıdakılardır:

 

 Arpaçay 

Mənbəyini Ermənistan Respublikasıının ərazisindən Zəngəzur silsiləsinin Cənubu Göyçə silsiləsinin Keçəl təpə və Kürbağlıqaya zirvələrinin 2985 m mütləq yüksəkliyindən götürən Şərqi Arpaçay 780 m mütləq yüksəklikdə Arazçayına tökülür. Onun uzunluğu 126 km, sutoplayıcı hövzəsinin sahəsi isə 2630 km2-dir. Orta çoxillik su sərfi 23,7 mln m3/san olub, illik həcmi 747,5 mln m3ntəşkil edir. Bunun 684,42 mln mErmənistan, 63,08 mln misə muxtar respublika ərazisində formalaşır.

 

 

 

 

 

 

Naxçıvançay 

Naxçıvançay suvarma sistemi əsasən Naxçıvançay hesabına suvarılan ərazini əhatə edir. Naxçıvançayın uzunluğu 81 km, sutoplayıcı sahəsi 1630 km2-ə malikdir. O, Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamaclarının 2720 m mütləq yüksəkliyindən başlayıb, 748 m mütləq yüksəklikdə Arazçayına tökülür. Orta illik su sərfi 164,7 mln m3-dir. Qida mənbəyinin əsasını yeraltı sular təşkil edir.

Naxçıvançayının axımını tənzimləmək və çayın bolsulu dövrü onun suyunu toplayıb suvarmada istifadə etmək üçün bir çox hidrotexniki qurğular yaradılmışdır. Belə ki, çayın mənbəyinə yaxın yerlərdə, məcrasında və məcradan kənarda su anbarları inşa edilmişdir. Bu su anbarlarının bir qismi təbii göllərin genişləndirilməsi hesabına bulaqlar, digərləri isə süni yolla (Uzunoba, Sirab, Heydər Əliyev su anbarları və s.) yaradılmışdır.

 

Əlincəçay 

Əlincəçay Naxçıvan Muxtar Respublikasının üçüncü böyük çayıdır. Bu çay Xəzindərə və Ləkətağ çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Qırxlar dağından şimal-qərbdə, 2800 m mütləq yüksəklikdən götürüb, 695 m yüksəklikdə Gülüstan kəndi yaxınlığında Arazçayına tökülür. Uzunluğu 61 km, sutoplayıcı sahəsi isə 600 km2-dir. Əlincəçay əsasən yeraltı, qar və qismən yağış suları ilə qidalanır. Əlincəçayın illik axım həcmi 51,7 mlnolub, yazda 40,8%, yayda isə 36,2% təşkil edir.

 

 Gilançay

Gilançayının uzunluğu 53 km, sutoplayıcı sahəsi isə 426 km2-dir. O, mənbəyini Eşşək meydan aşırımının 2700 m mütləq yüksəklikdən götürərək, 678 m yüksəklikdə Arazçayına tökülür. Gilançayın əsas qida mənbəyi qar və yağış sularıdır. İllik axımı 97,7 mln mtəşkil edir ki, onun 45,8%-i yaz, 34,1% isə yay aylarına düşür.

 

 Düylünçay

Başlanğıcını dəniz səviyyəsindən 3000 m yüksəklikdən götürən Düylünçay 660 m mütləq yüksəklikdə Arazçayına tökülür. Hövzəsinin sahəsi 123,5 km2, uzunluğu 29,6 km-dir.

 

 Vənəndçay

Mənbəyini dəniz səviyyəsindən 3500 m yüksəklikdən götürüb 650 m yüksəklikdə Arazçayına tökülür. Sutoplayıcı sahəsi isə 91,4 km2, uzunluğu 29,4 km-dir. İllik axın həcmi isə 18 mln m3-dir.

 

 Ordubadçay

Ordubadçay Şıxyurdu dağından dəniz səviyyəsindən 3575 m yüksəklikdən başlayıb 630 m yüksəklikdə Arazçayına tökülür. Onun sutoplayıcı sahəsi isə 42,2 km2, uzunluğu 19 km-dir. Ordubadçayı 10,9 mln m3 illik axına malikdir. Bu çayın suyu ancaq suvarmaya sərf edilir.