İçməli su və kanalizasiya sistmeləri


“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir. Həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, su anbarlarının, nasos stansiyaların və paylayıcı şəbəkələrin tikilməsi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunmuş, istismara verilmişdir.

Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində o dövrün tələblərinə uyğun qurulan, uzun müddət istismar olunduğundan şəhəri tam əhatə etməməklə yanaşı, artıq yararsız vəziyyətə düşmüş  və əhalinin keyfiyyətli içməli suya olan mövcud tələbatını ödəmirdi. Bəzi məhəllələrdə sakinlər ancaq küçələrdəki su krantlarından istifadə edirdi. Əhaliyə su müəyyən saatlarla verilir, yüksək mərtəbəli evlərə içməli su öz axını ilə qalxmırdı. Əhali tərəfindən binanın çardaq hissəsinə kustar yolla düzəldilmiş su çənləri qoyulur və ayrı-ayrı şəxslərə məxsus nasoslar vasitəsilə çənlərə su vurulurdu. Bəzən su çənlərinin sıradan çıxması və ya suyun daşması yuxarı mərtəbədə yaşayan insanların mənzillərinin yararsız vəziyyətə düşməsinə səbəb olurdu. Su sistemləri köhnəlmiş, borular  paslanmiş, verilən suyun keyfiyyəti yaxşı deyildi. Suyun təmizlənməsi xlorlama ilə aparılır və suyun tərkibində mineralların çoxluğu evlərdə problemlər yaradırdı.

Kanalizasiya şəbəkəsinddə də vəziyyət ürəkaçan deyildi. Şəhər əhalisinin əksəriyyət hissəsi kanalizasiya şəbəkəsindən istifadə etmirdi, kanalizasiya quyularından sular daşaraq küçələrdə gölməçələr yaradır, şəhərin çirkab suları təmizlənmədən Araz çayına və ya sahələrə axıdılırdı. Bu da insan sağlamlığına və ekologiyaya mənfi təsir göstərirdi.

Naxçıvan şəhəri və ətraf kənd­lərdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində reallaşdırılan layihələr artıq başa çatıb.

“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində müasir içməli su və kanalizasiya sistemləri qurulmuşdur.

Naxçıvançay yatağında uzunluğu 2,9 km, dərinliyi isə 6 m olan kaptaj tikilmiş, kaptajdan sutəmizləyici qurğuya qədər uzunluğu 6,4 km olan özüaxınlı şüşə lifli borularla magistral xətt çəkilmişdir.

Babək rayonunun Şıxmahmud kəndi ərazisində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir. Naxçıvan şəhərində nanofiltrli membran tipli su təmizləyici qurğu tikilmişdir. Qurğuda  su ozonla dezenfeksiya olunduqdan sonra 3 mərhələli təmizləmə sistemindən keçərək əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində  böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunmuşdur. Qurğunun gücü saniyədə  472 litrdir. Təmizlənmiş su ümumi tutumu 25000 m3olan 3 ədəd təmiz su anbarlarına yığılır və öz axını ilə şəbəkəyə ötürülür.  Sutəmizləyici qurğudan şəhər şəbəkəsinə qədər hər birinin uzunluğu 3,75 km olmaqla cəmi 7,5 km şüşə lifli borularla özüaxınlı qoşa magistral xətt çəkilmişdir.

Layihə çərçivəsində Naxçıvan şəhəri və Naxçıvan şəhər inzibati ərazisinə aid olan Qaraçuq, Bulqan, Qaraxanbəyli, Hacıniyyət və Tumbul kəndləri, Babək rayonunun Şəkərabad, Xəlilli və Şıxmahmud kəndləri daxil olmaqla içməli su və kanalizasiya şəbəkəsinin tikintisi həyata keçirilmişdir. Suyun əhaliyə fasiləsiz verilməsi üçün 350,1 km daxili su  və 332,5  km  kanalizasiya    şəbəkələri çəkilmiş,  25874 ev birləşməsi aparılaraq sayğac quraşdırılmış, 135 min nəfər sakin fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilmiş və kanalizasiya şəbəkəsinə qoşulmuşdur.

Çirkab suların təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə toplanan kanalizasiya sularının təmizlənməsi üçün bio reaktor, membran tipli Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi  tikilmişdir. Təmizləyici Qurğu gün ərzində 32 min kubmetr çirkab su təmizləmə gücünə malikdir.  Çirkab su 3 mərhələli təmizləmə sistemindən keçərək, ozonla dezenfeksiya olunur və suvarma hovuzuna ötürülür. Təmizlənmiş su ilə suvarma mövsümündə öz axını ilə 170 hektar sahəni, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək olur.    

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində bir çox mühüm tədbirlər həyata keçirilib, su xətləri yenilənib, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikilib, magistral xətlər çəkilib, yeni su və kanalizasiya şəbəkələri qurulub, çirkab sutəmizləyici qurğular yaradılıb, sayğaclaşma işləri aparılıb. 

Şərur, Şahbuz, Culfa,  Babək, Ordubad, Sədərək, Kəngərli rayonunda ümumilikdə ümumi tutumu 77500 m3  olan 15  su anbarı və 3,9 km kaptaj xətti  tikilmiş,  651  km içməli su xətti çəkilmiş, 15735  su birləşməsi aparılaraq sayğac quraşdırılmışdır. Həmçinin, kanalizasiya sularını kənarlaşdırmaq üçün  368 km kanalizasiya xətti çəkilmiş, 11350 kanalizasiya bağlantısı aparılmışdır. Beləliklə, 86300 nəfər sakin fasiləsiz olaraq təmiz içməli su ilə təmin edilmişdir.

Culfa rayonunda tikilmiş membran tipli sutəmizləyici qurğu gün ərzində 10800 m3 və Şahbuz rayonunda tikilmiş sutəmizləyici qurğu  gün ərzində 6600 m3, Şərur rayonunda tikilmiş sutəmizləyici qurğu gün ərzində 20400 msu təmizləmə gücünə malikdir. 

Çirkab sularının təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə Naxçıvançay kənarında tikilən Şahbuz şəhər təmizləyici qurğuları gün ərzində 2800 mçirkab su təmizləmə gücünə malikdir.

Tikinti işləri aparılarkən muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su və kanalizasiya sistemlərinin uzun müddət istismarına imkan verəcəkdir.

Görülən işlər insan həyatı və sağlamlığı üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi ilə bağlı problemləri həll etmək və əhalinin suya olan təlabatını  ödəməkdir. Müasir içməli su sistemlərinin qurulması insanların həyat səviyəsinin yüksəldilməsinə və rahat yaşayışlarına xidmət edir.