Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti haqqında

Məlumat

 

Naxçıvan Muxtar Respublikasında meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçmişdir. Muxtar respublika ərazisinin mürəkkəb geoloji quruluşa malik olması, yağıntıların əsasən yaz və payız aylarında yağması, iqliminin isti və quru olması əkinçilikdə suvarmaya ciddi ehtiyac yaradırdı. Muxtar respublikada suvarma işlərinə başlanmazdan əvvəl suvarma suyunun istifadəsində böyük çətinliklər yaranırdı. Suvarma suyunun çatışmazlığından kənd təsərrüfatında məhsuldarlıq daim aşağı olmuşdur. Suvarma mənbəyi kimi yalnız Arpaçay, Naxçıvançay, Əlincəçay, Azaçay çaylarından istifadə olunurdu ki, bu çaylarda da suvarma mövsümündə su sərfi çox aşağı olurdu. Kənd əhalisi su qıtlığına görə əkinçilikdən imtina edirdi. Əkin sahələrinin suvarma suyuna olan təlabatını ödəmək üçün bu sahə ilə məşğul olan təşkilatın yaradılmasına ehtiyac var idi.

22 noyabr 1932-ci ildə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin prezidium iclasının qərarı ilə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsi yaradılmış, lakin bu təşkilat mövcud arxların istifadəsi və çaylarda kiçik işlər aparmaqla məşğul olmuşdur. Həmin idarənin nəzdində Noraşen, Naxçıvan, Ordubad rayon suvarma sahələri fəaliyyət göstərmişdir. Suvarma suyuna olan təlabat artdıqca süni sututarların tikilməsinə və suyun bu sututarlarına yığılmasına ehtiyac yaranırdı. Buna görə də bir neçə kiçik tutumlu sututarları tikilirdi. 1939-cu ildə Batabat-1, 1940-1950-ci illərdə Qahab, Xok, 1960-1965-ci illərdə Uzunoba və Nehrəm göllərinin tikilib istifadəyə verilməsinə baxmayaraq, muxtar respublika ərazisində meliorasiya və irriqasiya sahəsində həllini gözləyən məsələlər qalmaqda idi. Böyük tutuma malik su anbarlarının, çaylar üzərində sel sularını nizamlamaq üçün subölücü və diğər hidrotexniki qurğuların tikintisinə ehtiyac var idi. Torpaqlarda texniki tədbirlər, meliorasiya işləri aparmaq lazım gəlirdi.

1969-cu ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi, meliorasiya və irriqasiya işləri də geniş vüsət aldı. Meliorasiya və su təsərrüfatı sahəsində kompleks tikintilərin həyata keçirilməsi üçün müvafiq kadrlarla və maşın-mexanizmlərlə təchiz olunmuş tikinti-quraşdırma təşkilatına ehtiyac var idi ki, bu məsələ də 1976-cı ildə “Meliorasiya və Su Tikinti Tresti”nin yaradılması ilə öz həllini tapdı. Əvvəllər muxtar respublika ərazisində əsasən su təsərrüfatı sistemlərinin tikintisinə fikir verilirdi. Bundan sonra isə müxtəlif meliorativ tədbirlər də həyata keçirilməyə başlandı.

Araz çayı üzərində tikilən həcmi 1,2 mlrd m3 olan Araz su anbarı 1971-ci ildə istismara verildi. Su anbarı üzərində nasos stansiyaları tikildi. Qaraçuq-1 üzən nasos stansiyası və 16 km magistral kanal üzərində tikilən nasos stansiyaları vasitəsi ilə Tumbul, Böyükdüz, Xok, Əliabad kəndlərinin 10000 hektarlarla torpaq sahələrinə suvarma suyu verildi. Beləliklə, muxtar respublikada iri həcmli su anbarlarının tikintisinə başlanıldı.

Arpaçay üzərində tikilən həcmi 150 mln m3 olan su anbarı ilə bərabər Arpaçayda su bölücü qurğu, Şərur, Sədərək, Kəngərli rayonlarına suyun verilməsi üçün Arpaçay Sağ sahil və Sol sahil magistral kanallar, onların üzərində tunellər və digər hidrotexniki qurğular 1977-ci ildə istismara verildi.

16 noyabr 1979-cu ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin Fərmanına əsasən 4 yanvar 1980-ci il Naxçıvan MSSR Nazirlər Sovetinin 5 nömrəli Qərarı ilə Naxçıvan Su Təsərrüfatı İdarəsi ləğv edilərək onun bazasında Naxçıvan MSSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi yaradılmışdır. Həmin nazirliyin strukturuna rayon suvarma sistemləri idarələri, Maddi Texniki Təchizat İdarəsi, 10 saylı Səyyar Tikinti Quraşdırma İdarəsi, Süni Suvarma İdarəsi, Layihə Axtarış İdarəsi, Rayonlararası Təmir İstismar İstehsalat Birliyi idarələri daxil idi.

Həmçinin kiçik həcmli göllərin tikintisi davam etdirildi. 1970-ci ildə Dizə, 1979-1981-ci illərdə Cəhri-1, Cəhri-2, Cəhri-3, 1982-ci ildə Məzrə, Payız, Yaycı gölləri tikilib istifadəyə verildi. 

1980-ci ildə Sirab su anbarı, 1990-cı ildə Bənəniyar su anbarı, Naxçıvançay və Əlincəçay çayları üzərində tikilən baş suqəbuledici qurğular istismara verildi. Eyni zamanda suvarma suyunun əkin sahələrinə çatdırılması üçün magistral beton kanallar tikildi.

Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə Naxçıvan MR Ali Məclisinin 24 oktyabr 2001-ci il tarixli 44-II FR nömrəli Fərmanı ilə Meliorasiya və Su Təsərrüfatı Komitəsi, 27 oktyabr 2004-cü il tarixli 160-II FR nömrəli Fərmanı ilə Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyun 2010-cu il tarixli 201-III FR nömrəli Fərmanı ilə Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə çevrilərək əsasnamədə dəyişiliklər edildi, əlavə vəzifə və hüquqlar verildi.

Tikintisinə 1982-ci ildən başlanan, lakin Ulu Öndər Heydər Əliyev Azərbaycandan gedəndən sonra tikintisi dayanan Naxçıvan çayı üzərində tikiləcək su anbarında işlər müdrik rəhbərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra yenidən davam etdirilməyə başladı. 2002-ci ildə tikintisinə başlanan Heydər Əliyev su anbarı uzunluğu 24 km olan Sağ sahil və uzunluğu 30 km olan  Sol sahil magistral kanallar tikilərək 2005-ci ildə başa çatdırıldı. 100 mln m3 tutumu olan su anbarının hesabına 16830 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi yaxşılaşdırıldı ki, bunun da 6919 hektarı ilk dəfə su verilən torpaq sahələri idi.

Kəngərli rayonu ərazisində torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Uzunoba su anbarından 16,4 km qoşa boru xətti çəkilərək yeni nasos stansiyası tikilmişdir.

Sədərək və Kəngərli rayonunda tikilən yeni nasos stansiyası vasitəsilə 7300 hektar torpaq sahəsinə suvarma suyu verilmişdir.

Babək, Culfa, Kəngərli, Şahbuz rayonlarının 5164 hektar sahəsində qapalı suvarma şəbəkəsinin tikintisi həyata keçirilmişdir.

Şərur, Kəngərli, Culfa və Ordubad rayonlarında Araz çayı boyunca 54,1 km sahilbərkitmə işləri aparılmışdır.

24 dekabr 2003-cü ildə muxtar respublikada kəhrizlərin bərpası, onlara tələb olunan texniki xidmətin göstərilməsi və onlardan səmərəli istifadə olunması üçün Komitənin tərkibində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılan Kəhrizlər İdarəsi tərəfindən muxtar respublikada olan 386 ədəd kəhrizin sxematik plan xəritələri hazırlanaraq pasportlaşdırılmış və balansa götürülmüşdür. Kəhrizlərə vaxtlı-vaxtında tələb olunan qaydada texniki xidmət göstərilir. Bunun üçün də kəhrizlərin qazılması və təmiri işlərində uzun illər işləmiş sənətkarlardan istifadə olunmaqla təmir-bərpa briqadaları yaradılmışdır. 

Subartezian quyuların tikintisi və istismarında idarəetməni təkmilləşdirmək məqsədi ilə Komitə nəzdində 2014-cü ildə Subartezian İdarəsi yaradılmışdır.

Muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 06 mart tarixli 2-VI FR nömrəli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

31 mart 2020-ci ildə Maşın-Mexanizmlərin və Hidrotexniki Qurğuların Təmiri və Texniki Nəzarət İdarəsi və Subartezian İdarəsi birləşdirilərək Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyularının Təmiri İdarəsi, 31 mart 2020-ci il tarixindən Su Təmir-Tikinti İdarəsi yaradılmışdır.