Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirildi

04.04.2024

Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclası keçirilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:

  1. “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi
  2.  Cari məsələlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə bağlı qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinin komitələrində müzakirə olunub və 29 mart 2024-cü il tarixində Milli Məclisin növbəti plenar iclasında birinci oxunuşda qəbul edilib. Həmçinin Ali Məclisə müraciət edən bütün şəxslər üçün Ali Məclisin fəaliyyəti ilə bağlı məlumatların daha əlçatan olmasının təmin edilməsi, vətəndaş müraciət və sorğularına daha operativ şəkildə cavab verilməsi üçün Ali Məclisin rəsmi internet saytı istifadəyə verilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 35 saylı Kolanı seçki dairəsindən olan deputatı İsmayılov Cəbi Əziz oğlu 75 illik yubileyi, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov iclasın gündəliyində duran birinci məsələ ilə bağlı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən cari il bitdikdən sonra 1 aydan gec olmayaraq müvəkkil muxtar respublikada insan hüquqlarının qorunması haqqında Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Ali Məclis qarşısında çıxış edir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib. Layihə 18 mart 2024-cü il tarixdə komitədə müzakirə olunub, komitənin qərarı ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva  2023-cü il üzrə fəaliyyətə dair məruzə edib.

Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli komitənin rəyini diqqətə çatdırıb.

Gündəlikdə duran birinci məsələ ilə bağlı deputatlardan Elman Cəfərli, İsmayıl Qəribli, Yeganə Məmmədova, Ehtimad Məmmədov, Aidə Cəlilzadə və Əmir Babayev fikir, qeyd, təklif və suallarını səsləndiriblər.

Ali Məclisin sədr müavini Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi Ali Məclislə yanaşı, Nazirlər Kabinetinə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib. Anar İbrahimov qeyd edib ki, Ali Məclisin təcrübəsində ilk dəfə olaraq muxtar respublika ombudsmanının məruzəsi müzakirədən öncə ictimaiyyətin tanışlığı üçün parlamentin rəsmi internet saytında yerləşdirilib. Ali Məclisin sədr müavini Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin forma, məzmun əhatəliliyi və problemlərə yanaşma baxımından dolğun hazırlanmasına görə təşəkkürünü bildirib, bunun təsisatın və Ali Məclisin işinə müsbət təsir edəcəyini, ən əsası isə vətəndaşlar üçün faydalı olacağına ümid etdiyini vurğulayıb, məruzə ilə bağlı qeyd və suallarını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva qaldırılan suallara aydınlıq gətirib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar səsə qoyularaq qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Elman Cəfərli, Yeganə Məmmədova, Rizvan Məmmədov, Ehtimad Məmmədov, Sevda Quluyeva, Aidə Allahverdiyeva, Qadir İbrahimov və Nüsrət Həsənov elm, təhsil müəssisələrinə, digər yerlərə verilən və daha sonra ləğv edilən şəhid adlarının bərpası, məhəllədaxili yolların təmiri, deputatın statusu ilə bağlı bir sıra məsələlər, görkəmli şəxsiyyət Əbülfət ağa Şahtaxtinskinin məzarının bərpası, içməli su təminatı, əhalinin məşğulluğunun təmin olunması, vətəndaşların məişət şəraitinin yaxşılaşdırılması, onların  tibbi sosial yardımla təminatı, sahibsiz heyvanlarla bağlı və digər mövzularda çıxış ediblər.

Anar İbrahimov qeyd olunan müraciətlərin Nazirlər Kabinetinə göndəriləcəyini deputatların diqqətinə çatdırıb.

Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti