Sel sularından səmərəli istifadə təmin edilib

28.03.2024
 

Ötən günlərdə muxtar respublikada yağıntıların miqdarının çoxluğu sel sularının artması ilə müşahidə olunub. Belə ki, Cəhriçayına, Qahab və Sirab selovlarına sel suları gəlib.

 Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən sel sularının itkiyə getməməsi və səmərəli istifadə edilməsi üçün Qahab selovunda bəndlər tikilib. Cəmiyyətin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, sel suları Qahab, Naxışnərgiz kəndlərinin əkin və həyətyanı sahələrində istifadə olunması üçün yönləndirilib. Həmçinin Sirab selovundan Ağgöl və Sirab kəndinin əkin və həyətyanı sahələrinə, Cəhriçaya gələn sel suları isə Uzunoba, Payız, Cəhri-1 və Cəhri-2 göllərinə, Gülşənabad, Payız və Cəhri qəsəbəsində sakinlərin əkin sahələrinə yönləndirilib.
Bayram günlərində operativ çalışan idarə əməkdaşları texnikalar vasitəsilə sel sularından səmərəli istifadəni təmin ediblər.

  


Nail ƏSGƏROV

 

 

Güznüt və Çeşməbasar kəndlərinin içməli su təminatı yaxşılaşdırılıb

19.03.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Güznüt və Çeşməbasar kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq üçün görülən işlər yekunlaşıb.

Cəmiyyətin mətbuat xidmətindən "Şərq qapısı" qəzetinə bildirilib ki, Babək rayonunun Güznüt kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün diametri 160 millimetr, uzunluğu 3066 metr olan plastik borularla ana xətt, həmçinin kəndin yuxarı hissəsində olan məhəlləyə diametri 63 millimetr, uzunluğu 2600 metr olan plastik borularla su xətti çəkilib. 
Çeşməbasar kəndinə isə diametri 125 millimetr, uzunluğu 3120 metr ana xətt və diametri 50 millimetr, uzunluğu 3000 metr olan plastik borularla məhəllədaxili su xətləri çəkilib. Həmin xətlər üzərində 50 ədəd krant quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Bununla yanaşı, Çeşməbasar kənd qəbiristanlığına 250 metr məsafədən diametri 25 millimetr olan boru xətti ilə su çəkilib.

Nail ƏSGƏROV

 

Aksiyada 650 ərik tingi və üzüm tənəkləri əkilib

16.03.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub. 

Aksiyada cəmiyyətin sədr müavinləri və əməkdaşları iştirak ediblər. 
Ağacəkmə aksiyası Uzunoba su anbarının ətrafındakı terraslarda, Naxçıvan - Şahbuz magistral yolunun sol tərəfindəki terraslarda aparılıb. Aksiya zamanı 650 ərik tingi və üzüm tənəkləri əkilib. 

Su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

12.03.2024

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq fevral ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilib, su anbarlarına suyun yığılması həyata keçirilib. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2024-cü ilin fevral ayının sonuna 113.42 milyon kubmetr su ehtiyatı toplanılıb.

2024-cü ilin fevral ayı ərzində 1,23 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib, 28,10 kilometr beton və torpaq kanallar, 22,07 kilometr ara arxlar, 4,2 kilometr kollektor lildən təmizlənib, 0,85 kilometr içməli su, 0,03 kilometr kanalizasiya, 0,15 kilometr suvarma boru xətti çəkilib, 1,47 kilometr mövcud içməli su xətlərində, 0,16 kilometr kanalizasiya xətlərində, 0,17 kilometr suvarma boru xətlərində, 0,12 kilometr təzyiqli boru xətlərində, 1,31 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Belə ki, Şərur rayonunda Qorçulu kollektorunda 2,7 kilometr, Muğanlı kollektorunda 1,5 kilometr olmaqla, ümumilikdə, 4,2 kilometr kollektor lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 50 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şahbuz rayonunda “Daylaqlı”, “Şahbuzkənd” və “Əcəmi-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr təmir-bərpa işləri aparılıb.

2024-cü ilin fevral ayı ərzində 2 kəhrizdə cari təmir işləri davam etdirilib, beləliklə, ay ərzində kəhrizlərdə 230 metr kürə təmizlənib, 6 metr saybənd hörülüb.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 34 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Culfa rayonunun Dizə kəndində su təminatının yaxşılaşdırılması məqsədilə 1 yeni subartezian quyusunun qazma işləri yekunlaşıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 47 evin içməli su xəttinə, 141 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb. Həmçinin Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikintisi işləri davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

 

 

Monitorinq keçirilib.

11.03.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri Heydər Əliyev su anbarından qidalanan sağ sahil kanalından Uzunoba su anbarına su yığılması üçün  monitorinq keçiriblər. Monitorinq zamanı kanalda çökən hissələr aşkar edilib. Cəmiyyətin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən çökən hissələrdə beton plitələrin arxa hissələri gilli torpaqla doldurulub, üzərinə beton qatı verilərək bərpa edilib.

  

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet