Su təminatının yaxşılaşdırılması üçün mütəmadi işlər görülür

26.01.2024

Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin dekabr ayının sonuna 65,73 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə dekabr ayı ərzində 4,48 milyon kubmetr su verilib, bunun müqabilində 3 min 675 hektar torpaq sahəsi suvarılıb.

2023-cü ilin son ayı ərzində 0,12 kilometr selə qarşı istiqamətləndirici bənd, 20,54 kilometr beton və torpaq kanallar, 16,83 kilometr ara arxlar, 3,5 kilometr kollektor lildən təmizlənib, 2,59 kilometr içməli su, 0,2 kilometr kanalizasiya, 0,01 kilometr kaptaj xətləri çəkilib, 0,96 kilometr mövcud içməli su xətlərində, 0,12 kilometr kanalizasiya xətlərində, 0,35 kilometr suvarma boru xətlərində, 3,64 kilometr təzyiqli boru xətlərində, 0,17 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənib. Belə ki, Şərur rayonunda Muğanlı kollektorunda 1,3 kilometr, Qorçulu kollektorunda isə 2,2 kilometr olmaqla cəmi 3,5 kilometr kollektorlarda lildən təmizləmə işləri aparılıb. Görülən işlər nəticəsində Şərur rayonunun 42 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Həmzəli-2”, “Qorçulu”, “Qarahəsənli”, “Dərəkənd”, “Zeyvə-1”, “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 3,14 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Nehrəm”, “Qoşadizə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Şahbuz rayonunda Külüs və Mahmudoba kəndlərinin subartezian quyularının təzyiqli boru xətlərində 0,02 kilometr, Culfa rayonunda Bənəniyar su anbarının, Culfa şəhər və Yaycı kənd içməli su təchizatı sistemlərinin təzyiqli boru xətlərində 0,1 kilometr, Kəngərli rayonunda “Kərki”, “Böyükdüz”, “4 №-li” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,18 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,08 kilometr təmir-bərpa işləri aparılıb.

2023-cü ilin dekabr ayı ərzində 3 kəhrizdə cari təmir işləri yerinə yetirilib. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3-nə yeni nasos quraşdırılmaqla 36-sı əsaslı təmir olunub. Bundan əlavə, Babək rayonunun Sirab kəndində 1 subartezian quyusu tikilərək istifadəyə verilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 41 evin içməli su xəttinə, 152 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti