Muxtar respublikanın su təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır

13.02.2024

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq yanvar ayı ərzində kanal və arxlarda lildən təmizlənmə işləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işlərinə başlanılıb, su anbarlarına suyun yığılması həyata keçirilib. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında cari ilin yanvar ayının sonuna 87,75 milyon kubmetr  su ehtiyatı toplanılıb.

2024-cü ilin yanvar ayı ərzində 0,11 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib, 19,39 kilometr beton və torpaq kanallar, 15,06 kilometr ara arxlar, 1,8 kilometr kollektor lildən təmizlənib, 5,31 kilometr içməli su, 0,1 kilometr kaptaj xətləri çəkilib, 1,25 kilometr mövcud içməli su xətlərində, 0,03 kilometr kanalizasiya xətlərində, 0,65 kilometr təzyiqli boru xətlərində, 0,27 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Belə ki, Şərur rayonunda Qorçulu kollektorunda 1,8 kilometr lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 22 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Həmzəli-2”, “Zeyvə-1”, “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,37 kilometr, Şahbuz rayonunda “Mahmudoba” nasos stansiyasının və Şada kəndinin subartezian quyusunun təzyiqli boru xətlərində 0,04 kilometr, Culfa rayonunda Bənəniyar su anbarının, Kırna və Bənəniyar nasos xətlərinin təzyiqli boru xətlərində 0,13 kilometr, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11 kilometr təmir-bərpa işləri aparılıb.

2024-cü ilin yanvar ayı ərzində 2 kəhrizdə cari təmir işləri aparılıb, ay ərzində kəhrizlərdə 340 metr kürə təmizlənib, 4  metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 34 ədədi əsaslı təmir olunub.

 “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 50 evin içməli su xəttinə, 139 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti