Tələbələrin istehsalat təcrübəsi başlayıb

21.02.2024

Tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulma predmetlərindən biri də istehsalat təcrübəsidir. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.

Hər il olduğu kimi, bu il də Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri fevral ayının 16-dan etibarən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində istehsalat təcrübəsinə başlayıblar.  

Təcrübənin ilk günü tələbələrlə görüş keçirilib. Görüş zamanı Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri Malik Rzayev və İbrahim Məmmədov, Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri  Emil Səfərov, hüquqşünas Sabir Rzayev, Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov tələbələrə keçəcəkləri təcrübə məşğələlərinin daha effektli olması, hərtərəfli bilik və bacarıqlara yiyələnmələri üçün hər bir  şəraitin yaradılması haqqında məlumat verib, tövsiyə və tapşırıqlarını bildiriblər. Sonda təcrübə rəhbəri Səttar Nəsirov gündəlik və hesabatlar haqqında ətraflı məlumat verib.

Tələbələrə istehsalat təcrübələrində uğurlar arzu edirik.