Gümüşlü və Aşağı Yaycı kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

29.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Gümüşlü və Aşağı Yaycı kənd sakinlərinin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə Arpaçay su anbarının əsas bəndinin aşağı hissəsindən süzülən sulara EÇV-8-25-100  markalı subartezian nasosu quraşdırılıb.

Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, görülən tədbirlər çərçivəsində diametri 76 millimetr, uzunluğu  450 metr olan boru xətti çəkilərək mövcud içməli su xəttinə birləşdirilib. Bunun nəticəsində bulaq sularının azaldığı vaxtlarda həmin subartezian quyusundan dəstək məqsədi ilə verilən içməli su Gümüşlü və Aşağı Yaycı kənd sakinlərinin su ehtiyacını təmin edəcəkdir.