Sudan qənaətlə istifadə edilməsi bütün dünyada aktual olan məsələdir. Bəs muxtar respublikada vəziyyət necədir?

02.03.2024

Sudan qənaətlə istifadə edilməsi bütün dünyada aktual olan məsələdir. Bəs muxtar respublikada vəziyyət necədir? –

Bu gün bütün dünyada şirin su çatışmazlığı aktual məsələdir. Bu baxımdan illərdir ki, sudan qənaətlə və səmərəli istifadə edilməsi diqqətdə saxlanılır. Proqnozlara görə 50 ilə yaxın bir müddətdə şirin su qaynaqları tükənmək təhlükəsi ilə üz-üzə qalacaq. Bunun üçün həyəcan təbili çalmağa dəyər. Azərbaycan da su ehtiyatları az olan ölkələrdən olduğu üçün bu problemə də həssaslıqla yanaşır və sudan qənaətlə istifadə edilməsi üçün dövlət əhəmiyyətli addımlar atır. Bunun üçün ölkənin bütün regionlarında su ilə bağlı xüsusi strategiyalar hazırlanır.  

Naxçıvanda sudan qənaətli və səmərəli istifadə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də bütün öhdəliklərini yerinə yetirir. Bu məqsədlə, Cəmiyyətin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirovla həmsöhbət olduq.

Səttar müəllim qeyd etdi ki, muxtar respublika ərazisində kənd təsərrüfatından yüksək məhsuldarlıq əldə etmək üçün mütləqdir ki, suvarma problemi öz həllini tapsın. Elə bu baxımdan muxtar respublikada suvarma prosesinin aparılması üçün ilin əvvəlində hər bir region üçün suvarma planları tətbiq edilir və planlar tətbiq edildikdən sonra suvarma mövsümü başlayan zaman suyun istifadəsinə ciddi nəzarət aparılır.

"Muxtar respublika ərazisində 30-a qədər irili-xırdalı su anbarları mövcuddur. 2023-cü ilin suvarma mövsümündə 187145 min kubmetr su verilib və bunun müqabilində təkrari suvarma nəzərə alınmaqla    151 min 816 hektar sahə suvarılıb. Təkcə su anbarlarında yox, ümumiyyətlə, muxtar respublika ərazisində, istər çaylarda, istərsə də çaylar üzərində qurulmuş nasos stansiyalarında, subartezian quyularında mövsümü yaxşı başa çatdırmaq üçün müxtəlif tədbirlər görülüb".

Müsahibimiz qeyd edir ki, 2024-cü ilin suvarma mövsümü artıq yaxınlaşır. Bunun üçün sudan istifadə plan-proqnozu hazırlanıb. Beləliklə, təqribən sahələrə 283 min 576 kubmetr su veriləcək və bunun müqabilində təkrar suvarma nəzərə alınmaqla, 271 min 631 hektar sahə suvarılacaq. Su anbarlarına suyun yığılma prosesi mütəmadi olaraq həyata keçirilməkdədir. 26 fevral 2024-cü ildə tarixinədək muxtar respublikadakı su anbarlarına 111,14 milyon kubmetr su yığılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur. Yəni, ötən il   93,57 milyon kubmetr su toplandığı halda, bu il 111,14 milyon kubmetr su yığılıb.

Səttar müəllim, torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması istiqamətində hansı addımlar atılıb?

Toplanmış su ehtiyatlarından itkisiz, qənaətli və səmərəli istifadə olunması, torpaq sahələrinə çatdırılması Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran əsasən vəzifələrdən biridir. Belə ki, 2024-cü ildə də torpaqların su təminatının yaxşılaşdırılması, suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün muxtar respublikada mövcud olan kaptajlarda, kollektor və suvarma boru xətlərinin ehtiyac olan hissələrində cari təmir-bərpa işləri aparılır, arxlar lildən təmizlənir, ümumilikdə, geniş miqyaslı meliorativ tədbirlər görülür.

Məlumat üçün bildirim ki, meliorativ tədbirlər ötən il də mütəmadi həyata keçirilib. Belə ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində 4,91 km seləqarşı istiqamətləndirici bəndlər tikilib, 194,42 km beton və torpaq kanal, 237,16 km ara arxlar, 29,81 km kollektor lildən təmizlənib, 22,83 km içməli su, 1,11 km kanalizasiya xətti, 0,11 km suvarma boru, 0,3 km yeni kaptaj xətti çəkilib, 30,23 km mövcud içməli su xətlərində, 1,73 km kanalizasiya xətlərində, 50,6 km suvarma boru xətlərində, 24,69 km təzyiqli boru xətlərində, 6,1 km kaptajlarda və 0,32 km açıq drenajlarda təmir-bərpa işləri aparılıb.

2024-cü ilin suvarma mövsümünün başlanmasına demək olar ki,  az müddət qalır. Su anbarlarına yığılan suyun miqdarı bizə bunu söyləməyə imkan verir ki, bu il suvarma mövsümü daha yaxşı həyata keçiriləcək. Cari ilin suvarma mövsümündə də su itkilərinin qarşısını almaq, suvarma suyunu vaxtında və itkiyə yol vermədən əraziyə çatdırmaq diqqətdə saxlanılır.

Müsahibə üçün çox sağ olun!