Su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

12.03.2024

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq fevral ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilib, su anbarlarına suyun yığılması həyata keçirilib. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2024-cü ilin fevral ayının sonuna 113.42 milyon kubmetr su ehtiyatı toplanılıb.

2024-cü ilin fevral ayı ərzində 1,23 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib, 28,10 kilometr beton və torpaq kanallar, 22,07 kilometr ara arxlar, 4,2 kilometr kollektor lildən təmizlənib, 0,85 kilometr içməli su, 0,03 kilometr kanalizasiya, 0,15 kilometr suvarma boru xətti çəkilib, 1,47 kilometr mövcud içməli su xətlərində, 0,16 kilometr kanalizasiya xətlərində, 0,17 kilometr suvarma boru xətlərində, 0,12 kilometr təzyiqli boru xətlərində, 1,31 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Belə ki, Şərur rayonunda Qorçulu kollektorunda 2,7 kilometr, Muğanlı kollektorunda 1,5 kilometr olmaqla, ümumilikdə, 4,2 kilometr kollektor lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 50 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şahbuz rayonunda “Daylaqlı”, “Şahbuzkənd” və “Əcəmi-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr təmir-bərpa işləri aparılıb.

2024-cü ilin fevral ayı ərzində 2 kəhrizdə cari təmir işləri davam etdirilib, beləliklə, ay ərzində kəhrizlərdə 230 metr kürə təmizlənib, 6 metr saybənd hörülüb.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 34 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Culfa rayonunun Dizə kəndində su təminatının yaxşılaşdırılması məqsədilə 1 yeni subartezian quyusunun qazma işləri yekunlaşıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 47 evin içməli su xəttinə, 141 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb. Həmçinin Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikintisi işləri davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti