Boru xətlərinə qeyri-qanuni müdaxilələrin fəsadları aradan qaldırılıb

03.04.2024

Araz çayından qidalanan nasos stansiyalarının təzyiqli boru xətlərinə qeyri-qanuni müdaxilələrin fəsadları aradan qaldırılıb.

Belə ki, Araz çayından qidalanan “Qaraçuq-2” nasos stansiyasının Babək şəhərindən keçən hissəsindəki xətlərdə qəza baş verib.  Su xətlərinin partlaması nəticəsində Babək şəhərinin, Nehrəm qəsəbəsinin və rayonun Qoşadizə məhəlləsinin əkin sahələrinə suvarma suyunun verilməsində 6-7 saatlıq fasilə yaranıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları  və texnikaları dərhal qəza baş verən əraziyə gediblər. Qəza baş verən xətlərə baxış zamanı məlum olub ki, zamanında vətəndaşlar tərəfindən qeyri-qanuni yolla təzyiqli boru xətlərinə olan müdaxilələr su  xətlərinin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Dərhal idarə əməkdaşları tərəfindən qəza vəziyyəti aradan qaldırılıb, suvarma suyunun verilməsi təmin edilib.Nasos stansiyasının təzyiqli  boru xətlərində baş verən  qəza bir daha sübut edir ki, vətəndaşlar heç bir halda içməli və suvarmalı su xətlərinə müdaxilə etməməli, aid qurumlara məlumat verməlidirlər.