Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

18.04.2024

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Rəssdamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sərginin açılış tədbirində rəsmi şəxslər, Naxçıvanda fəaliyyət göstərən rəssamlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, sərgidə 2012-ci ildən Naxçıvanı dünyada tanıtmaq məqsədilə keçirilən “Naxçıvan - Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarında iştirak etmiş xarici və yerli rəssamların əsərləri nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Naxçıvanın muxtariyyəti xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Naxçıvanın muxtariyyəti digər sahələrlə yanaşı, bölgənin mədəni inkişafına da töhfələr verib. İstər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində biz bu töhfələrin şahidi olmuşuq. Bugünkü tədbirin muxtariyyətin 100 illiyinə həsr olunması da Naxçıvan mədəniyyətinə və incəsənətinə mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən “Naxçıvan - Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarının keçirilməsi də bu sahədə ilklərdən olub, diyarımızın qədim tarix və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.

Ali Məclisin sədr müavini qeyd edib ki, incəsənət hər bir dövr üçün vacib sahədir. Texnologiyanın sıçrayışı dövründə belə incəsənət bizim həyata baxışımızı formalaşdıran sənət növüdür. Həm indiki dövrün hadisələrini gələcəyə çatdırmaq, həm də gələcək nəsillərin estetik zövqünü formalaşdırmaq baxımından faydalıdır. Doğma diyarımızın qədim tarixinin, zəngin mədəniyyətinin belə əsərlər vasitəsilə nümayiş etdirilməsi muxtariyyət tarximizə mühüm töhfə və gələcək nəsillərə dəyərli ərmağandır.

Anar İbrahimov Naxçıvanda fəaliyyət göstərən rəssamlara bu yolda uğurlar arzulayıb, sərginin təşkilinə görə təşəkkür edib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Türkiyə və Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən, mədəni əlaqələrimizin davamlılığından danışıb, Naxçıvan Muxtar Respublikasının 100 illiyinin Türkiyədə müxtəlif tədbirlərlə və rəsm sərgiləri ilə qeyd olunmasını yüksək qiymətləndirib.

Rəssamlar Birlyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şüşə üzərində döymə əsərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimova hədiyyə edib.

Baxış zamanı məlumat verilib ki, sərgidə “Naxçıvan - Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarında müxtəlif illərdə iştirak etmiş 52 rəssamın 54 əsəri nümayiş olunur. Əsərlərdə Naxçıvan təbiəti, abidələri, milli-mənəvi dəyərlərimiz rənglərin dili ilə dolğun şəkildə ifadə olunub.

Sərgi aprelin 20-dək davam edəcək.

 

 

Bakıda "Naxçıvan fotolarda" adlı fotosərgi keçirilib

15.04.2024

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində "Naxçıvan fotolarda" adlı fotosərgi keçirilib. Sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə vurğulayıb ki, yubiley tədbirləri Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlərdə, ölkələrdə də geniş şəkildə qeyd olunur. “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində  də baş tutub. Aprel ayının əvvəllərində isə Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar  tədbir keçirilib.  İl ərzində də muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək.
Bu gün Naxçıvanın artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin  2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu mərhələnin əsas hərəkətverici qüvvəsidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanı yaxın gələcəkdə tamamilə yenilənmiş, iqtisadi cəhətdən kifayət qədər inkişaf edən, cəlbedici bir regiona çevirəcək. Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur. 
Bugünkü fotosərgi, həmçinin Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.  Səlahiyyətli  nümayəndə bu qiyabi tanışlığın hər kəsdə xoş əhvali-ruhiyyə yaradacağına inamını ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli çıxışında dövlət başçısının Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü ilə bağlı tarixi Sərəncamını Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirib. Naxçıvanın taleyində Ulu Öndərin müstəsna roluna diqqətçəkən akademik qeyd edib ki, bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin  zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Bu baxımdan sözügedən Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir.  

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova çıxış edərək bildirib ki, “Şərq qapısı” qəzetinin “Naxçıvan fotolarda” sərgisi  muxtar respublikanın 100 illik yubileyinə töhfədir. Sərgidə təqdim olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib.

62 fotonun nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb.

Tədbirin bədii hissəsinə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndə Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında konsert proqramı ilə davam edib.
Sərginin başqa xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamına uyğun olaraq bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi qeyd edilir.

 

 

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirildi

04.04.2024

Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclası keçirilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:

  1. “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi
  2.  Cari məsələlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə bağlı qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinin komitələrində müzakirə olunub və 29 mart 2024-cü il tarixində Milli Məclisin növbəti plenar iclasında birinci oxunuşda qəbul edilib. Həmçinin Ali Məclisə müraciət edən bütün şəxslər üçün Ali Məclisin fəaliyyəti ilə bağlı məlumatların daha əlçatan olmasının təmin edilməsi, vətəndaş müraciət və sorğularına daha operativ şəkildə cavab verilməsi üçün Ali Məclisin rəsmi internet saytı istifadəyə verilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 35 saylı Kolanı seçki dairəsindən olan deputatı İsmayılov Cəbi Əziz oğlu 75 illik yubileyi, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov iclasın gündəliyində duran birinci məsələ ilə bağlı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən cari il bitdikdən sonra 1 aydan gec olmayaraq müvəkkil muxtar respublikada insan hüquqlarının qorunması haqqında Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Ali Məclis qarşısında çıxış edir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib. Layihə 18 mart 2024-cü il tarixdə komitədə müzakirə olunub, komitənin qərarı ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva  2023-cü il üzrə fəaliyyətə dair məruzə edib.

Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli komitənin rəyini diqqətə çatdırıb.

Gündəlikdə duran birinci məsələ ilə bağlı deputatlardan Elman Cəfərli, İsmayıl Qəribli, Yeganə Məmmədova, Ehtimad Məmmədov, Aidə Cəlilzadə və Əmir Babayev fikir, qeyd, təklif və suallarını səsləndiriblər.

Ali Məclisin sədr müavini Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi Ali Məclislə yanaşı, Nazirlər Kabinetinə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib. Anar İbrahimov qeyd edib ki, Ali Məclisin təcrübəsində ilk dəfə olaraq muxtar respublika ombudsmanının məruzəsi müzakirədən öncə ictimaiyyətin tanışlığı üçün parlamentin rəsmi internet saytında yerləşdirilib. Ali Məclisin sədr müavini Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin forma, məzmun əhatəliliyi və problemlərə yanaşma baxımından dolğun hazırlanmasına görə təşəkkürünü bildirib, bunun təsisatın və Ali Məclisin işinə müsbət təsir edəcəyini, ən əsası isə vətəndaşlar üçün faydalı olacağına ümid etdiyini vurğulayıb, məruzə ilə bağlı qeyd və suallarını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva qaldırılan suallara aydınlıq gətirib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar səsə qoyularaq qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Elman Cəfərli, Yeganə Məmmədova, Rizvan Məmmədov, Ehtimad Məmmədov, Sevda Quluyeva, Aidə Allahverdiyeva, Qadir İbrahimov və Nüsrət Həsənov elm, təhsil müəssisələrinə, digər yerlərə verilən və daha sonra ləğv edilən şəhid adlarının bərpası, məhəllədaxili yolların təmiri, deputatın statusu ilə bağlı bir sıra məsələlər, görkəmli şəxsiyyət Əbülfət ağa Şahtaxtinskinin məzarının bərpası, içməli su təminatı, əhalinin məşğulluğunun təmin olunması, vətəndaşların məişət şəraitinin yaxşılaşdırılması, onların  tibbi sosial yardımla təminatı, sahibsiz heyvanlarla bağlı və digər mövzularda çıxış ediblər.

Anar İbrahimov qeyd olunan müraciətlərin Nazirlər Kabinetinə göndəriləcəyini deputatların diqqətinə çatdırıb.

Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet