İlin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri ­Əsgər Əsgərov çıxış edərək bildirib ki, 2019-cu il ərzində də komitənin kollektivi tərəfindən meliorasiya və irriqasiya işlərinin miqyası artırılaraq bütün mövcud imkanlar səfərbər edilib, istismar, təmir və tikinti işləri həyata keçirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən və 303,5 milyon kubmetr sututumuna malik olan sututarlarına 291,4 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 271 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla, 228 min 816 hektar torpaq sahəsi su ilə təmin olunub. Hazırda sututarlarda 100,5 milyon kubmetr su ehtiyatı vardır.

 Komitə sədri diqqətə çatdırıb ki, muxtar respublikada torpaq sahələrində su təminatının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib. Rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib. Belə ki, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 176, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 343 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Görülən işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 700 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.

Kanalların və arxların sukeçirmə qabiliyyətini artırmaq, su itkilərini aradan qaldırmaq üçün davamlı olaraq lildən təmizləmə işləri yerinə yetirilib, təmir-bərpa və tikinti işləri həyata keçirilib, arxlarda yenidənqurma işlərinin aparılması, yeni arxların qazılıb istifadəyə verilməsi diqqət mərkəzində saxlanılıb. Torpaqların şoranlaşmasının qarşısını almaq məqsədilə drenaj kanalları və kollektorlar lildən təmizlənib, yeni drenaj kanalları qazılıb.
Qeyd olunub ki, torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Arpaçay, Naxçıvançay, Cəhriçay, Vənəndçay vadilərində, Qahab və Sirab selovları daxil olmaqla, muxtar respublika ərazisində çay və selovlarda, ümumilikdə, 14,8 kilometr selə qarşı istiqamətləndirici bənd salınıb.
Komitə sədri içməli su təminatı, həmçinin yeni boru xətlərinin çəkilməsi, onların təmir olunması, sub­artezian quyularının qazılması, nasos stansiyalarının tikintisi, kəhrizlərin bərpası ilə bağlı görülən işlərdən də danışıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2019-cu ildə Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su sisteminin tikintisi başa çatdırılıb, 40,5 kilometr xətt çəkilib, 1100 ev birləşməsi aparılıb, 7300 nəfər sakin fasiləsiz içməli su ilə təmin edilib”, – deyən Əsgər Əsgərov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə olunacağını bildirib.
Məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet