YENİ QAPALI SUVARMA ŞƏBƏKƏLƏRİNİN İSTİFADƏYƏ VERİLMƏSİ 2019-CU İLDƏ DƏ DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILMIŞDIR

02.01.2020

Müasir meliorasiya və irriqasiya tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, mütərəqqi suvarma metodlarının tətbiqi muxtar respublikamızda əkinçiliyin inkişafı üçün geniş imkanlar açmışdır. Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Məlum olduğu kimi Kəngərli rayonu əkinçilik üçün böyük ərazilərə malik olsa da, susuzluq ucbatından bu ərazilərin xeyli hissəsi şoranlaşmaya məruz qalmışdı. Şoranlaşmış ərazilər isə müxtəlif əkinlərin aparılmasına mane olur, nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı

aşağı düşürdü. Bu sahədə əməli işlərin görülməsi üçün bir neçə il bundan əvvəl “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsinə başlanıldı. Çünki mütərəqqi irriqasiya sistemlərinin və rentabelli suvarma şəbəkələrinin qurulması tədricən şoranlığın aradan qaldırılmasına, əkin sahələrinin genişləndirilməsinə, torpaqlardan səmərəli istifadəyə və bol məhsul istehsalına şərait yaradır.

Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində görülən işlər davamlı xarakter aldığından 2016-cı ildə rayonun Böyükdüz və Xok kəndlərində 117 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi, 2017-ci ildə isə rayonun Böyükdüz kəndində daha bir qapalı suvarma şəbəkəsi istifadəyə verildi.

 2018-ci il noyabrın 20-də yenə də Böyükdüz kəndi ərazisində daha bir qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 616 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən qısa müddətdə və keyfiyyətlə aparılmışdır.

Rayonda meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlər 2019-cu ildə də diqqət mərkəzində saxlanılmışdır. Həmin tədbirlərin davamı olaraq mayın 7- də Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Şəbəkənin işləməsi üçün su “Qıvraq-1” nasos stansiyası vasitəsilə Arpaçay sol sahil kanalından Yurdçu kəndindəki hovuza vurulur və öz axını ilə əraziyə ötürülür. Burada tikinti işləri aparılarkən uzunluğu 1100 metr olan ana xətt və 5470 metr paylayıcı boru xətti çəkilmişdir. Boru xətlərinin üzərində 2 siyirtmə, 63 suvarma hidrantı və dəmir-beton hovuzlar quraşdırılmışdır. Suvarma mövsümü başa çatdıqdan sonra boru xəttindən suyun boşaldılması üçün 2 suboşaldıcı qoyulmuşdur.

 Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yurdçu kəndində qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək demişdir: Kəngərli rayonunun yaradılmasından 15 il ötür. Ötən dövrdə rayon böyük inkişaf yolu keçərək formalaşmış, dövlət strukturlarının fəaliyyətləri üçün lazımi şərait yaradılmışdır. Kəngərli rayonunda əkinəyararlı torpaqların suvarılması da qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə də işlər görülmüş, Böyükdüz və Xok kəndlərində qapalı suvarma şəbəkəsi qurulmuşdur. Bu gün isə Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilir. Artıq rayonda 2 min hektara yaxın ərazi yeraltı şəbəkə ilə əhatə olunmuşdur. 100 hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsinin qurulması isə davam etdirilir. Gələcəkdə Böyükdüz kəndi ərazisindəki qapalı suvarma şəbəkəsi də genişləndiriləcəkdir. Həyata keçirilən tədbirlər rayonda aqrar sahənin inkişafına səbəb olmuşdur. Muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Kəngərli rayonu da iştirak edir. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu sabitliyin və inkişafın ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Avqustun 8-də isə Yurdçu kəndində daha bir qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Yeni qapalı suvarma şəbəkəsi 117 hektar sahədə qurulub. “Qıvraq-1” nasos stansiyası vasitəsilə su Arpaçay sol sahil kanalından Yurdçu kəndindəki hovuza vurulur və öz axını ilə əraziyə ötürülür. Sahəyə suyun verilməsi üçün 1400 metrlik ana xətt və 9700 metrlik paylayıcı boru xətti çəkilmişdir. Boru xətlərinin üzərində 2 siyirtmə, 100 suvarma hidrantı və üç tərəfə çıxışı olan dəmir-beton hovuzlar qoyulmuşdur.

Bu gün bölgədə aqrar sahənin inkişaf etdirilməsində suvarma şəbəkələrinin genişləndirilməsi, torpaqların təsərrüfat suyuna olan tələbatının ödənilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər mühüm əhəmiyyət kəsb edir. Kəngərli rayonunun timsalında görülən işlər bunu bir daha təsdiq edir.

Bir sözlə, mütərrəqi suvarma metodlarının tətbiqi, qapalı suvarma şəbəkələrinin qurulması rayonda əkinçiliyin inkişafı üçün geniş imkanlar açıb, susuz sahələrə həyat verilib, məhsul bolluğu üçün şərait yaradılıb.

 Babək İSMAYILOV

"Yeni həyat" qəzeti

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet