Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələrinin istehsalat təcrübəsi keçirilib

24.04.2024

Tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulma predmetlərindən biri də istehsalat təcrübəsidir. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.

Hər il olduğu kimi, bu il də Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri fevral ayının 16-dan başlayaraq Naxçıvan Muxtar respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təcrübə məşğələsi keçirlər. Keçirilən məşğələlər çərçivəsində tələbələr  Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksində, Şahbuz Şəhər Təmizləyici Qurğuları və Heydər Əliyev su anbarında istehsalat təcrübəsində olublar.

Keçirilən istehsalat təcrübəsində tələbələr nəzəri biliklərini əyani təcrübələrlə təkmilləşdirib, yeni texnologiyalar və iş üsulları ilə tanış olublar. Muxtar respublikanın içməli və suvarma suyuna olan tələbatının ödənilməsi, çirkab sularının təmizlənərək yenidən istifadə edilməsi, müasir texnologiyaların işləmə mexanizmi, mövcud su ehtiyatları, sudan səmərəli və qənaətli istifadə edilməsi haqqında tələbələrə məlumat verilib.

Təcrübə əsnasında Şahbuz Şəhər Təmizləyici Qurğularının baş mühəndisi Xəzər Abdullayev, Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksinin baş mühəndisi Qoşqar Məmmədov, Heydər Əliyev su anbarının sahə rəisi Mirdamət Seyidov və təcrübə rəhbəri Akim Axundov tələbələrin suallarını cavablandırıblar.

Naxçıvan Muxtar Respublikası

Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin

mətbuat xidməti

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet