Çeşməbasar və Güznüt kəndlərinin içməli su təminatı yaxşılaşdırılır.

01.09.2023

Azərbaycanda sosial infrastrukturun əsas sahələrindən sayılan içməli su təchizatı sektorunda mühüm layihələr həyata keçirilir. Dövlətin birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda reallaşdırılan həmin layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının yaxşılaşmasına səbəb olub.

Əhalinin içməli su təminatının yaxşılaşdırılması, su itkisinə yol verilmədən vətəndaşların davamlı olaraq keyfiyyətli içməli su ilə təmin olunması prioritet istiqamətlərdən biridir. Bu baxımdan, Babək rayonunun Güznüt və Çeşməbasar kəndlərinin içməli su təminatının yaxşılaşdırılması üçün işlərə başlanılıb. 160 mm-lik 6 atmosfer təzyiqə davamlı təqribən 3000 metrlik plastik boru xətlərinin qaynaq işləri aparılır. Artıq bir neçə gündür ki, ərazidə texnikalar və mütəxəssislər çalışırlar. Hal-hazırda boru xəttinin çəkilişi üçün qazıntı və hamarlama işləri aparılır. Bütün mühəndis texniki qaydalarına əməl olunaraq görülən işlərin yekununda hər iki kəndin sakinlərinin içməli su ehtiyacı yaxşılaşacaq.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən aparılan yenidənqurma və təmir-bərpa işləri nəticəsində həm də istifadəyə yararsız borular yeniləri ilə əvəzlənir. Bu da imkan verir ki, su mənzil başına çatana qədər hər hansı bir su itkisi baş vermədən vətəndaşlar keyfiyyətli və davamlı içməli su ilə təmin olunsunlar.

   

   

   

Naxçıvan Muxtar Respublikası Meliorasiya

və Su Təsərrüfatı Açıq Səhmdar

Cəmiyyətinin mətbuat xidməti

 

 

“Hacıniyyət” kəhrizində cari təmir-bərpa işləri aparılır

31.08.2023

Azərbaycanın digər bölgələrində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əhali qədim zamanlardan bəri suvarma və içməli suyuna olan tələbatını ödəmək üçün digər vasitələrlə yanaşı, kəhriz sistemindən də istifadə etmişdir. Naxçıvan kəhrizləri orta əsrlərdən bəri buraya gələn səyyahların və tədqiqatçıların diqqətini cəlb etmişdir. XIX yüzilliyin II yarısında Naxçıvanda olan səyyah N.Engelqard şəhərin mərkəzində keçən kanalın suyundan şəhərdəki bütün bağların və əkin sahələrinin suvarılmasından bəhs edir, şəhərdə çoxlu bulaqların olduğu haqqında məlumat verir.  

Muxtar respublikada 389 kəhriz qeydiyata alınmışdır. Qeydə alınan kəhrizlərin suyundan əhali həm içməli su tələbatını ödəyir, həm də təsərrüfatda istifadə edir.

Ötən aylardan indiyədək Naxçıvan ərazisində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kəhrizlər İdarəsi tərəfindən 25 kəhrizdə cari təmir işləri aparılaraq əhalinin içməli və suvarma su təminatının yaxşılaşdırılması təmin edilmişdir. Haliyədə Naxçıvan şəhərinin Hacıniyyət kəndində yerləşən “Hacıniyyət” kəhrizində cari təmir-bərpa işləri aparılır. Qeyd edək ki, ağır tonajlı maşınların keçməsi ilə kəhrizin çıxış hissəsi dağılmışdır. Hal-hazırda idarənin mütəxəssisləri əraziyə cəlb olunub və dağıdılmış hissəyə 630 mm diametrində olan 20 metr dəmir boru quraşdırılıb. Cari təmir-bərpa işləri çərçivəsində lildən təmizləmə, saybənd hörgü işləri görülür.  Ağır texnikaların da cəlb olduğu iş prosesinin qısa zamanda yekunlaşması nəzərdə tutulur.  

      

   

     

Naxçıvan Muxtar Respublikası Meliorasiya

və Su Təsərrüfatı Açıq Səhmdar

Cəmiyyətinin mətbuat xidməti

 

 

 

Muxtar respublikada torpaqların su ehtiyatının yaxşılaşdırılması üçün işlər mütəmadi olaraq davam etdirilir

12.08.2023 

     Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin iyul ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, əkin sahələrində qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin iyul ayının sonuna 95,23 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə iyul ayı 22,44 milyon kubmetr su verilmiş, bunun müqabilində 18 min 154 hektar torpaq sahəsi suvarılmışdır.
    2023-cü ilin iyul ayı ərzində 0,05 kilometr istiqamətləndirici bənd, 14,24 kilometr beton və torpaq kanallar, 26,82 kilometr ara arxlar, 1,5 kilometr kollektor lildən təmizlənmiş, 0,18 kilometr içməli su, 0,11 kilometr kanalizasiya, 0,1 kilometr suvarma boru xətləri çəkilmiş, 3,98 kilometr mövcud içməli su, 0,3 kilometr kanalizasiya, 0,65 kilometr suvarma boru, 1,9 kilometr təzyiqli boru xətlərində, 0,41 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunun Püsyan kollektorunda 1,5 kilometr lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunda 18 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. 
    Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Babək rayonunda Sirab selovunda 0,05 kilometr seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
     Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Xələc”, “Həmzəli-1”, “Qorçulu”, “Arpaçay-2” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,92 kilometr, Babək rayonunda “Araz-1”, “Hacıvar”, “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,13 kilometr, Şahbuz rayonunun “Daylaqlı”, “Əcəmi-1”, “Əcəmi-2”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər, Kolanı, Mahmudoba kənd subartezian quyularının təzyiqli boru xətlərində 0,18 kilometr, Culfa rayonunun “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Ordubad rayonunun “Dəstə-2”, “Əylis-3” nasos stansiyalarının təzyiqli boru xətlərində  0,3 kilometr, Sədərək rayonunun “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11 kilometr, Kəngərli rayonunun “Böyükdüz” nasos stansiyasının təzyiqli boru xəttində 0,04 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” və “Qaraçuq-2” nasos stansiyalarnın təzyiqli boru xətlərində isə 0,11 kilometr təmir-bərpa işləri aparılmışdır.
    Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının 8300 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün “Qaraçuq-1” nasos stansiyası ərazisində  Araz su anbarından qidalanan  yeni nasos stansiyasının tikintisi davam etdirilmişdir.
    2023-cü ilin iyul ayı ərzində 9 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 374 metr kürə təmizlənmiş, 14,3 metr saybənd hörülmüşdür. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının   8 ədədinə yeni nasos quraşdırılmaqla, 82-si təmir olunmuşdur.
    Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 15 su sayğacı, 2 elektrik mühərriki təmir edilmiş, 95 nasos hissəsi hazırlanmışdır.
    “Rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 53 evin içməli su xəttinə, 54 evin isə kanalizasiya xəttinə birləşmə  aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
 Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar

Cəmiyyətinin mətbuat xidməti

 

 

Sudan səmərəli və qənaətlə istifadə olunmasa...

08.08.2023

    Bu gün bəşəriyyəti narahat edən əsas həyati problemlərdən biri də qlobal istiləşmədir. Səhralaşma və su çatşmazlığı insanları suyun dəyərini daha çox anlamağa məcbur edir, suyun elə həyatın özü olduğunu bir daha bizə göstərir. Çünki həyatın mövcudluğunu özündə əks etdirən dörd ünsürdən biri, bəlkə də, ən vacibi də məhz sudur. Ucuz olan bir malın “su qiymətinə olduğu” bir dövr artıq tarixə qovuşub. Bu gün dünyada suyun özü “od qiymətinə” qalxıb.

    Bu gün dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir. Məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Suyun insan həyatında hansı rol oynadığını hamımız bilirik. Bəs ondan istifadədə necə, qənaət mədəniyyətmiz formalaşıbmı? 
    İlk növbədə, qeyd etməliyəm ki, Azərbaycan Respublikasının daxili suları Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir. Ölkəmiz su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Son illərdə dünyada, o cümlədən də regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir. Quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: Bütün bunları nəzərə alaraq son illərdə ölkəmizdə su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirilib. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalı və digər addımlar atılmalıdır.
    Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz, qoşulduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. 
    Bəs biz mənbələrimizi necə qoruyuruq? Qanunvericiliyin bu sahədə tələbi nədən ibarətdir? 
    Ölkəmizin bu haqda qanunvericiliyi Su Məcəlləsindən və digər normativ-hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən edilmiş qaydalar Su Məcəlləsində nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
    Su qanunvericiliyinə əsasən su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edir. Bələdiyyələr isə su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər. Su obyektlərinin istifadəçiləri və su istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə iştirak edirlər.
    Mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə, su obyektlərindən istifadə müddəti qurtardıqda, hüquqi şəxslər ləğv olunduqda, su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə su obyektləri ayrıca istifadədən geri alındıqda, sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə, qanunverciliyin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə və su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilir.
     Həmçinin qanunvericilik sudan istifadə edənlərin vəzifələrini də müəyyənləşdirmişdir. Belə ki, sudan istifadə edənlər su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etməli, sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etməli, Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.
    Su təsərrüfatı tədbirlərinin görülməsi, su obyektlərindən istifadə hüququna xitam verilməsi və ya sudan istifadə şərtlərinin dəyişdirilməsi nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ödənilir.
    İçməli sulardan, bir qayda olaraq, içməli su və məişət ehtiyacları ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə yol verilmir.
    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə, su obyektlərinin özbaşına tutulmasına, bu obyektlərdən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına, sudan özbaşına istifadə edilməsinə  su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə də qanunvericiliklə müəyyən olunmuş məbləğdə cərimə tətbiq edilir.
    Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün ayrı-ayrı fiziki şəxslər də daxil olmaqla bütün istifadəçilər sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan yararlanmaları, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və sair addımlar atmalıdırlar.
    Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.
    Unutmamalıyıq ki, əgər sudan səmərəli və qənaətlə istifadə etməsək, gələcəkdə su üzünə həsrət qala bilərik.

Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, 
baş ədliyyə müşaviri

 

 

Süni suvarma mənbələri hesabına suya olan tələbatın ödənilməsi günün tələbidir

28.07.2023

Babək rayonunun bəzi yaşayış məntəqələri, eləcə də Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri süni suvarma sistemləri, nasoslar vasitəsilə suvarılır. Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin nasos stansiyaları üzrə sahə rəisi Cabir Əliməmmədovun sözlərinə görə, süni suvarmadan istifadə edərək bitkilərin rütubətlə təminatı və həmçinin şoranlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi ilə torpaqların süni nəmləndirilməsinə nail olunur. Bu gün rayonda müasir suvarma üsullarının tətbiq edilməsi diqqət mərkəzində saxlanılıb. Hazırda “Qaraçuq-1” və “Araz-1” nasos stansiyaları vasitəsilə Babək rayonunun bir neçə kəndində və yaxın ərazilərdə suvarma işləri aparılır.

Müsahibim bildirdi ki, “Qaraçuq-1” nasos stansiyası 1969-cu ildə, “Araz-1” nasos stansiyası isə 1981-ci ildən istismara verilib. Artıq bu gün “Qaraçuq-1” nasos stansiyasında 6 nasos fəaliyyət göstərir. “Qaraçuq-1” nasos stansiyası tərkibində 1225, “Araz-1” nasos stansiyası vasitəsilə 606 hektar ərazi suvarılmaqdadır. “Qaraçuq-1” nasos stansiyası vasitəsilə Qaraçuq kanalından Tumbul ərazisində yerləşən yerlərə pilləli şəkildə su vurulur və eyni zamanda “Qaraçuq-2” nasos su stansiyası isə pilləli şəkildə Nehrəm stansiyasına su ötürür. Bu su mənbələrindən Babək rayonunun Nehrəm qəsəbəsi, Qoşadizə kəndi və Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Qaraxanbəyli kəndlərinin bəzi torpaq sahələri suvarılır. 

Təsərrüfat sahiblərindən Qaraçuq kənd sakini Kazım Qurbanov deyir ki, 40 hektara yaxın ərazidə taxıl, qarğıdalı, yonca becərir və ərazisini Qaraçuq kanalı vasitəsilə suvarır. Bütün təsərrüfat adamları yaxşı bilir ki, məhsulun hasil olmasında suvarmanın əhəmiyyəti çox vacibdir. Ona görə də mövcud su mənbələrindən səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır.

 Bülbül Quliyeva

"Şərq qapısı"

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet