Muxtar respublikada torpaqların su ehtiyatının yaxşılaşdırılması mütəmadi olaraq davam etdirilir

13.07.2023

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin iyun ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin iyun ayının sonuna 122,27 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə iyun ayı ərzində 33,51 milyon kubmetr su verilmiş, bunun müqabilində 27 min 307 hektar torpaq sahəsi suvarılmışdır.

2023-cü ilin iyun ayı ərzində 1,39 kilometr istiqamətləndirici bənd, 10,27 kilometr beton və torpaq kanallar, 16,88 kilometr ara arxlar, 1,2 kilometr kollektor lildən təmizlənmiş, 0,25 kilometr içməli su xətti çəkilmiş, 1,52 kilometr mövcud içməli su xətlərində, 0,11 kilometr kanalizasiya xətlərində, 5,34 kilometr suvarma boru xətlərində, 1,24 kilometr təzyiqli boru xətlərində, 0,96 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Belə ki, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Xələc kollektorunda 0,9 kilometr, Babək rayonunda Yarımca nasos stansiyasının kollektorunda 0,2 kilometr, Sədərək rayonunda Heydərabad-Şirarxı kollektorunda isə 0,1 kilometr lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunda 11 hektar, Babək rayonunda 6 hektar, Sədərək rayonunda isə 0,8 hektar olmaqla, ümumillikdə, 17,8 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur rayonunda Arpaçay selovunda 0,3 kilometr, Babək rayonunda Zeynəddin selovunda 0,3 kilometr, Naxçıvançayda 0,15 kilometr, Sirab selovunda 0,34 kilometr, Qahab selovunda isə 0,3 kilometr olmaqla 1,09 kilometr seləqarşı istiqamətləndirici bənd tikilmişdir.

Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 4,1 kilometr, Naxçıvan şəhəri ərazisində isə 0,5 kilometr olmaqla, ümumilikdə, 4,6 kilometr mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Ağbulaq-1”, “Həmzəli-2”, “Qorçulu”, “Fərhad arxı” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,41 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Sirab”, “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,18 kilometr, Şahbuz rayonunda “Daylaqlı”, “Əcəmi-1”, “Şahbuzkənd” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,12 kilometr, Culfa rayonunda “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının və Culfa şəhər içməli su xəttinin təzyiqli boru xətlərində 0,2 kilometr, Sədərək rayonunda “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-3”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,15 kilometr, Kəngərli rayonunda “Qıvraq-1” ,“Kərki”, “Şahtaxtı” nasos stansiyalarının təzyiqli boru xəttində 0,14 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Sərhəd diviziyası” nasos stansiyasnın təzyiqli boru xəttində isə 0,04 kilometr təmir-bərpa işləri aparılmışdır.

Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının 8300 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün "Qaraçuq-1" nasos stansiyası ərazisində Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisinin davam etdirilməsinə başlanmışdır.

2023-cü ilin iyun ayı ərzində 7 kəhrizdə cari təmir işləri başa çardırılmış, 1 kəhrizdə isə təmir işləri davam etdirilmişdir. Ay ərzində kəhrizlərdə 315 metr kürə təmizlənmiş, 12 metr saybənd hörülmüşdür. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 7 ədədinə yeni nasos quraşdırılmaqla 74 ədədi təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Cəhri qəsəbəsində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə  1 subartezian quyusunun qazıntı işləri başa çatdırılmışdır.

Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların  Təmiri İdarəsinin təmir sexi tərəfindən 2 ədəd nasos rotoru təmir edilmiş, 160 ədəd nasos hissəsi hazırlanmışdır.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 48 evin içməli su xəttinə, 30 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

 

 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və

Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin

mətbuat xidməti

 

 

Muxtar respublikada torpaqların su ehtiyatının yaxşılaşdırılması davam edir

20.06.2023

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin may ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin may ayının sonuna 128.71 milyon kubmetr su ehtiyatı toplanmış, su istifadəçilərinə may ayı ərzində 56.43 milyon kubmetr su verilmiş, bunun müqabilində 45 min 515 hektar torpaq sahəsi suvarılmışdır. 

    2023-cü ilin may ayı ərzində 2,35 kilometr istiqamətləndirici bənd, 13,45 kilometr beton və torpaq kanal, 27,92 kilometr ara arxlar, 1,3 kilometr kollektor lildən təmizlənmiş, 3,16 kilometr içməli su, 0,01 kilometr kanalizasiya, 0,08 kilometr kaptaj xətləri çəkilmiş, 1,16 kilometr mövcud içməli su xətlərində, 0,2 kilometr kanalizasiya xətlərində, 28,64 kilometr suvarma boru xətlərində, 3,09 kilometr təzyiqli boru xətlərində, 1,46 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmiş, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənmişdir. Belə ki, Şərur rayonunda Xələc kollektorunda 1,2 kilometr, Sədərək rayonunda Heydərabad-Şir arxı kollektorunda isə 0,1 kilometr lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunda 14 hektar, Sədərək rayonunda isə 0,2 hektar olmaqla, ümumilikdə, 14,2 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Babək rayonundakı Zeynəddin selovunda 2 kilometr, Naxçıvançayda 0,2 kilometr, Cəhri çayında isə 0,15 kilometr olmaqla, ümumilikdə, 2,35 kilometr seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
    Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 21,75 kilometr, Naxçıvan şəhəri ərazisində isə 0,4 kilometr olmaqla, ümumilikdə, 22,15 kilometr mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. 
    Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Həmzəli-1”, “Həmzəli-2”, “Qorçulu”, “Kərimbəyli-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,84 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Cəhri-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Şahbuz rayonunda “Naxçıvani”, “Daylaqlı”, “Əcəmi-1”, “Əcəmi-2”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,15 kilometr, Culfa rayonunda Culfa şəhər içməli su xətlərinin və Bənəniyar Su Anbarının təzyiqli boru xətlərində 0,16 kilometr, Ordubad rayonunda “Əylis-3” nasos stansiyasının təzyiqli boru xəttində 1,5 kilometr, Sədərək rayonunda “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,07 kilometr, Kəngərli rayonunda “Qıvraq-1” və 4 nömrəli nasos stansiyalarının təzyiqli boru xəttində 0,17 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Qaraçuq-2”, “Sərhəd diviziyası” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,08 kilometr təmir-bərpa işləri görülmüşdür.
    Cari ilin may ayı ərzində 4 kəhrizdə cari təmir işləri yerinə yetirilmişdir. Quyularda 50 metr təmizləmə işləri həyata keçirilmiş, 55 metr kürə lildən təmizlənmiş, 3 metr saybənd hörülmüşdür. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 7 ədədinə yeni nasos quraşdırılmaqla, 64 ədədi təmir olunmuşdur. Bundan əlavə, Culfa rayonunun Bənəniyar kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd subartezian quyusu istifadəyə verilmişdir. 
    Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 3 nasos rotoru, 1 elektrik mühərriki təmir edilmiş, 30 ədəd nasos hissəsi hazırlanmışdır. 
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 29 evin içməli su xəttinə, 54 evin isə kanalizasiya xəttinə birləşmə aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və
 Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 
mətbuat xidməti

 

 

Ordubad rayonunda Zəvvar arxı qardan və lildən təmizlənir

06.06.2023

Ordubad rayonunun “Şıxı yurdu” adlanan ərazisindən keçən çoxəsrlik tarixə malik qədim “Zəvvar” arxının qardan və lildən təmizlənərək Dübəndi çayına və Vənənd çayına qar sularının axıdılması məqsədilə Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi tədbirlər görməyə başlayıb. Çox çətin relyef şəraitinə malik olan ərazidə işlər sürətlə davam edir. Canlı qüvvə və texnikanın cəlb olunduğu ərazidə Ordubad şəhərindən Zəvvar arxına qədər olan 27 kilometr məsafədə yolun 5 kilometrlik hissəsi qardan, ümumi uzunluğu 4,5 kilometr olan Zəvvar arxının 900 metrdən çox hissəsi isə qardan və lildən təmizlənib. Arxın mənbəyi dəniz səviyyəsindən 3572 metr, aşırım hissəsi 3430 metr yüksəklikdədir. Bəzi hissələrdə qar təbəqəsinin hündürlüyü 1 metr olduğu halda, dərə yataqlarında 4 metrə qədər olduğu təyin edilib. Sərt qar və buz təbəqəsi olan arxın təmizlənməsi işləri hazırda davam edir.  Qeyd edək ki, işlər yekunlaşandan sonra arxla gələcək su vasitəsilə kaptajlar da qidalanacaq, beləliklə, rayonun həm içməli, həm də suvarma suyunda əhəmiyyətli artım qeyd olunacaq.

Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağından, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, “Şıxı yurdu”, “Qurban yurdu” və “Salabun”dan keçərək “Zəvvar” arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən buz kimi sərin çeşmələr, kəhrizlər rayon əhalisinin  içməli və suvarma suyuna olan tələbatının mühüm bir hissəsini qarşılayır.

               

          

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq

Səhmdar Cəmiyyətinin mətbuat xidməti  

 

 

Muxtar respublikanın iqtisadi inkişafında meliorasiya və irriqasiya tədbirləri mühüm rol oynayır

02.06.2023

   Ölkəmizdə, eləcə də muxtar respublikamızda meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçmişdir. Hələ 1932-ci il 22 noyabr tarixdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin prezidium iclasının qərarı ilə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsi yaradılmış, lakin bu təşkilat mövcud arxların istifadəsi və çaylarda kiçik işlər aparmaqla məşğul olmuşdur. Həmin idarənin nəzdində Şərur, Naxçıvan, Ordubad rayon suvarma sahələri fəaliyyət göstərmişdir. Suvarma suyuna olan tələbat artdıqca süni sututarların tikilməsinə və suyun bu sututarlarına yığılmasına ehtiyac yaranırdı. Buna görə də bir neçə kiçiktutumlu sututarlar tikilirdi. 1939-cu ildə Batabat-1, 1940-1950-ci illərdə Qahab, Xok, 1960-1965-ci illərdə Uzunoba və Nehrəm göllərinin tikilib istifadəyə verilməsinə baxmayaraq, muxtar respublika ərazisində meliorasiya və irriqasiya sahəsində həllini gözləyən məsələlər qalmaqda idi. Böyük tutuma malik su anbarlarının, çaylar üzərində sel sularını nizamlamaq üçün subölücü və digər hidrotexniki qurğuların tikintisinə ehtiyac yaranmışdı. Torpaqlarda texniki tədbirlər, meliorasiya işləri aparmaq lazım gəlirdi.

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, meliorasiya və irriqasiya sahəsində də genişmiqyaslı işlər görülməyə başlanıldı. Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illər ərzində Onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparıldı, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradıldı. 
    Meliorasiya və su təsərrüfatı sahəsində kompleks tikintilərin həyata keçirilməsi üçün müvafiq kadrlarla və maşın-mexanizmlərlə təchiz olunmuş tikinti-quraşdırma təşkilatına olan ehtiyacı ödəmək üçün  1976-cı ildə Meliorasiya və Su Tikinti Tresti yaradıldı. Müxtəlif illərdə bir-birinin ardınca tikilib istifadəyə verilən su anbarları əhalinin suvarma suyuna olan ehtiyacının əsas hissəsinin qarşılanmasında, bu sahədə yaranan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadı. 
    16 noyabr 1979-cu ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 4 yanvar 1980-ci il Naxçıvan MSSR Nazirlər Sovetinin 5 nömrəli Qərarı ilə Naxçıvan Su Təsərrüfatı İdarəsi ləğv edilərək onun bazasında Naxçıvan MSSR Meliorasiya və Su Təsərrüfatı Nazir­liyi yaradıldı. Həmin nazirliyin strukturuna rayon suvarma sistemləri idarələri, Maddi-Texniki Təchizat İdarəsi, 10 saylı Səyyar Tikinti-Quraşdırma İdarəsi, Süni Suvarma İdarəsi, Layihə Axtarış İdarəsi, Rayonlararası Təmir İstismar İstehsalat Birliyi idarələri daxil idi.
    1980-ci ildə Sirab Su Anbarı, 1990-cı ildə Bənəniyar Su Anbarı, Naxçıvançay və Əlincəçay çayları üzərində tikilən baş suqəbuledici qurğular istismara verildi. Eyni zamanda suvarma suyunun əkin sahələrinə çatdırılması üçün magistral beton kanallar tikildi. 
    Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2001-ci il 24 oktyabr tarixli Fərmanı ilə Meliorasiya və Su Təsərrüfatı Komitəsi, 2004-cü il 27 oktyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi yaradıldı. 2010-cu il 9 iyun tarixli Fərmanla isə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə çevrilərək əsasnamədə dəyişikliklər edildi, əlavə vəzifə və hüquqlar verildi. Muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə 2020-ci il 6 mart tarixli Fərmanla Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradıldı. 31 mart 2020-ci ildə Maşın-Mexanizmlərin və Hidrotexniki Qurğuların Təmiri və Texniki Nəzarət İdarəsi və Subartezian İdarəsi birləşdirilərək Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyularının Təmiri İdarəsi, 31 mart 2020-ci il tarixdən Su Təmir-Tikinti İdarəsi təsis edildi. 
    Hazırda Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və tabe idarələri muxtar respublikanın içməli və suvarma suyuna olan tələbatının vaxtında və tam ödənilməsi üçün səylə çalışır. Cəmiyyətin və tabe idarələrinin melioratorları tərəfindən mütəmadi olaraq kollektor, kanal və arxlarda lildən təmizlənmə işləri görülür, torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işləri aparılır, torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə seləqarşı istiqamətləndirici bənd tikilir. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir. 
    “Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2023-2025-ci illər üçün Tədbirlər Planı”na əsasən bu illər ərzində muxtar respublikada, ümumilikdə, 48 subartezian quyusunun qazılması nəzərdə tutulur. Qeyd edək ki, Culfa rayonunun Bənəniyar kəndində 1 subartezian quyusunun tikintisi işləri artıq başa çatıb, ötən dövrdə rayonun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsi istifadəyə verilib. Hazırda Babək rayonunun Cəhri qəsəbəsində 1 subartezian quyusunun tikintisi işləri davam edir. Cəmiyyətin balansında 931 subartezian quyusu var ki, bu subartezian quyuları əhalinin içməli və suvarma suyuna olan tələbatının mühüm bir hissəsini ödəyir.
    Ümummilli Lider Heydər Əliyev demişdir: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi münasibətilə Meliorator günü peşə bayramının təsis edilməsi barədə 2007-ci il 24 may tarixli Sərəncam imzalamışdır.
    Ölkə rəhbəri su təsərrüfatı və  meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli yeni Sərəncam imzalamışdır. 
    Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  dövlətimizin müəyyənləşdirdiyi psinsipləri rəhbər tutaraq muxtar respublikanın meliorasiya və su təsərrüfatı sahəsində həyata keçiriləcək bütün öhdəlikləri mütəmadi olaraq yerinə yetirməyə səy göstərəcək.   

 Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı 
Açıq Səhmdar Cəmiyyətinin 
mətbuat xidməti

 

 

Naxçıvan Dövlət Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələrinin növbəti istehsalat təcrübəsi olub

17.05.2023

17 may 2023-cü il tarixində Naxçıvan Dövlət Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri növbəti istehsalat təcrübəsində olublar. Naxçıvan şəhərində yerləşən “Qala”, “Kəlbə Musa” və “Qələndər” kəhrizlərində olan tələbələrə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və Kəhrizlər İdarəsinin mütəxəssisləri məlumat verərək qeyd ediblər ki, qədim su mənbələri olan kəhriz və bulaqlar muxtar respublikamızda geniş yayılmışdır. Naxçıvan əhalisi lap qədim zamanlardan suvarma və içməli suya olan tələbatını ödəmək üçün digər vasitələrlə yanaşı, kəhrizlər sistemindən də istifadə etmişlər. Hazırda muxtar respublika ərazisində 389 ədəd kəhriz olduğu məlumdur. Mütəxəssislər kəhrizlərin tarixləri, bərpa olunduğu illər və əhəmiyyəti haqqında geniş məlumat veriblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

 Naxçıvan Muxtar Respublikası

Meliorasiya və Su Təsərrüfatı Açıq

 Səhmdar Cəmiyyətinin mətbuat xidməti

 

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet