Əhalinin içməli su problemi həll edilir

06.12.2023

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin görülməsi prioritet istiqamət kimi müəyyənləşdirilib.     

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 9 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında içməli və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasına dair Tədbirlər Planı” təsdiqlənmişdir. Plana əsasən içməli su təchizatı ilə bağlı su ehtiyatlarından qənaətlə və səmərəli istifadə, iqlim dəyişmələrinin fəsadları, gözlənilən risklər, suyun bölgüsü və sair məsələlər barədə əhalinin maarifləndirilməsi, sudan istifadə ilə əlaqədar istehlakçıların müraciətlərinin operativ qaydada qəbulu, baxılma və cavablandırılması məqsədilə müasir tələblərə uyğun çağrı mərkəzlərinin təşkili, içməli su təminatında çatışmazlıqlar olan kəndlərdə subartezian quyularının qazılması və suya qənaət məqsədilə sayğac sisteminin tətbiq olunması, təhsil və digər müəssisələrdə su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi məsələlərin icrası diqqətdə saxlanılır.
     Bu gün muxtar respublikanın rayon və kəndlərində əhalinin içməli su probleminin həlli istiqamətində görülən işlər də həmin proqramdan irəli gələn vəzifələrin yerinə yetrilməsidir. Ötən ay Babək rayonunun Gülşənabad kəndində subartezian quyusu və içməli su xətti istifadəyə verilib. Kənddə subartezian quyusu qazılaraq 50 metr uzunluğunda yeni içməli su xətti çəkilib. Ümumilikdə, kənd ərazisinə iki subartezian və bir kaptaj vasitəsilə 90 ev içməli su ilə təmin olunub. 67 yaşlı kənd sakini Məmməd Məmmədov bildirdi ki, qrunt suları çəkildikdən sonra kənddə su problemi ortaya çıxdı. Uzun müddət içməli su problemindən əziyyət çəkdikdən sonra kənd əhalisi ilə birlikdə bununla bağlı müraciətlər etdik. Kənd ərazisində qazılan subartezian quyusu və yeni içməli su xətti bu problemi aradan qaldırıb.
     Kəndin susuzluqdan əziyyət çəkmiş digər bir ailəsi də İmanovlardır. Yaşlı kənd sakini Vilayət İmanov və həyat yoldaşı Zəminə İmanova bildirdilər: – Müəyyən müddət susuzluq problemi ilə qarşılaşdıq. Artıq bu çətinliklərimiz dövlətimiz tərəfindən aradan qaldırılıb. Biz sudan təmənnasız və rahat istifadə edir, həm də bağımızdakı ağacları suvarıb becəririk. Növbəti il su problemi olmayacağına görə daha yaxşı məhsul əldə edəcəyimizi də düşünürük. 
    Gülşənabad kənd sakinləri artıq suya olan tələbatlarını subartezian quyuları vasitəsilə ödəyir. Muxtar respublikanın su ehtiyatlarından qənaətlə istifadə istiqamətində müasir suvarma sistemlərinin quraşdırılması əhalinin rifahının yaxşılaşdırılması üçün görülən tədbirlərin effektivliyini artırır. 

Bülbül Quliyeva

 

 

Muxtar respublikada sakinlərin içməli su təminatı yaxşılaşdırılır

05.12.2023

Muxtar respublikada əhalinin içməli su təminatının yaxşılaşdırılması, su itkisinə yol verilmədən vətəndaşların davamlı və keyfiyyətli içməli su ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Ordubad rayonunun Dəstə və Culfa rayonunun Dizə kəndlərində yeni içməli su xətləri çəkilir, köhnə xətlər yeniləri ilə əvəz olunur.

      

 

        

 

 

Muxtar respublikada torpaqların su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

27.11.2023

   Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin oktyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüş, hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin oktyabr ayının sonuna 71,96 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə oktyabr ayı ərzində 5,67 milyon kubmetr su verilmiş, bunun müqabilində 4 min 602 hektar torpaq sahəsi suvarılmışdır.

    2023-cü ilin oktyabr ayı ərzində 17,31 kilometr beton və torpaq kanallar, 16,39 kilometr ara arxlar, 2,9 kilometr kollektor lildən təmizlənmiş, 10,24 kilometr içməli su, 0,08 kilometr kanalizasiya xətləri çəkilmiş, 0,13 kilometr yeni kaptaj tikilmiş, 2,59 kilometr mövcud içməli su xətlərində, 0,41 kilometr suvarma boru xətlərində, 1,14 kilometr təzyiqli boru xətlərində, 0,45 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
    Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Püsyan kollektorunda 1,8 kilometr, Muğanlı kollektorunda 0,4 kilometr, Qorçulu kollektorunda isə 0,7 kilometr olmaqla cəmi 2,9 kilometr kollektorlarda lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunun 34 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Muğanlı”, “Qorçulu”, “Ərəbyengicə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,33 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Nehrəm”, “Nehrəm kənd”, “Hacıvar” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,24 kilometr, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Mahmudoba” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,11 kilometr, Culfa rayonunda “Yaycı-1”, “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının, Bənəniyar Su Anbarının təzyiqli boru xətlərində 0,28 kilometr, Kəngərli rayonunda “Şahtaxtı” nasos stansiyasının təzyiqli boru xəttində 0,13 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttində isə 0,06 kilometr təmir-bərpa işləri aparılmışdır.
    2023-cü ilin oktyabr ayı ərzində 3 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 410 metr kürə lildən təmizlənmiş, 6 metr saybənd hörülmüşdür.
    Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 13 ədədinə yeni nasos quraşdırılmış, 57 ədədi isə əsaslı təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Gülşənabad kəndində su təminatını yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusu tikilərək istifadəyə verilmişdir. Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 2 ədəd nasos rotoru, 7 ədəd su sayğacı təmir olunmuşdur.
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 26 evin içməli su xəttinə, 146 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və 
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 
mətbuat xidməti

 

 

F.Q.Şıxəliyevin Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

07.11.2023

     Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Faiq Qəzənfər oğlu Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin.

 Naxçıvan Muxtar Respublikası 
 Ali Məclisi sədrinin müavini                     Anar İBRAHİMOV

Naxçıvan şəhəri, 7 noyabr 2023-cü il

 

 

İ.S.Məmmədovun Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

07.11.2023

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. İbrahim Süleyman oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilsin.
    2. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İbrahim Süleyman oğlu Məmmədova həvalə edilsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 Naxçıvan Muxtar Respublikası 
 Ali Məclisi sədrinin müavini             Anar İBRAHİMOV

Naxçıvan şəhəri, 7 noyabr 2023-cü il

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet