Muxtar respublikada sakinlərin içməli su təminatı yaxşılaşdırılır

05.12.2023

Muxtar respublikada əhalinin içməli su təminatının yaxşılaşdırılması, su itkisinə yol verilmədən vətəndaşların davamlı və keyfiyyətli içməli su ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Ordubad rayonunun Dəstə və Culfa rayonunun Dizə kəndlərində yeni içməli su xətləri çəkilir, köhnə xətlər yeniləri ilə əvəz olunur.

      

 

        

 

 

Muxtar respublikada torpaqların su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

27.11.2023

   Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin oktyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüş, hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin oktyabr ayının sonuna 71,96 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə oktyabr ayı ərzində 5,67 milyon kubmetr su verilmiş, bunun müqabilində 4 min 602 hektar torpaq sahəsi suvarılmışdır.

    2023-cü ilin oktyabr ayı ərzində 17,31 kilometr beton və torpaq kanallar, 16,39 kilometr ara arxlar, 2,9 kilometr kollektor lildən təmizlənmiş, 10,24 kilometr içməli su, 0,08 kilometr kanalizasiya xətləri çəkilmiş, 0,13 kilometr yeni kaptaj tikilmiş, 2,59 kilometr mövcud içməli su xətlərində, 0,41 kilometr suvarma boru xətlərində, 1,14 kilometr təzyiqli boru xətlərində, 0,45 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
    Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Püsyan kollektorunda 1,8 kilometr, Muğanlı kollektorunda 0,4 kilometr, Qorçulu kollektorunda isə 0,7 kilometr olmaqla cəmi 2,9 kilometr kollektorlarda lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunun 34 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Muğanlı”, “Qorçulu”, “Ərəbyengicə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,33 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Nehrəm”, “Nehrəm kənd”, “Hacıvar” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,24 kilometr, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Mahmudoba” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,11 kilometr, Culfa rayonunda “Yaycı-1”, “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının, Bənəniyar Su Anbarının təzyiqli boru xətlərində 0,28 kilometr, Kəngərli rayonunda “Şahtaxtı” nasos stansiyasının təzyiqli boru xəttində 0,13 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttində isə 0,06 kilometr təmir-bərpa işləri aparılmışdır.
    2023-cü ilin oktyabr ayı ərzində 3 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 410 metr kürə lildən təmizlənmiş, 6 metr saybənd hörülmüşdür.
    Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 13 ədədinə yeni nasos quraşdırılmış, 57 ədədi isə əsaslı təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Gülşənabad kəndində su təminatını yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusu tikilərək istifadəyə verilmişdir. Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 2 ədəd nasos rotoru, 7 ədəd su sayğacı təmir olunmuşdur.
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 26 evin içməli su xəttinə, 146 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və 
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 
mətbuat xidməti

 

 

F.Q.Şıxəliyevin Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

07.11.2023

     Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Faiq Qəzənfər oğlu Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin.

 Naxçıvan Muxtar Respublikası 
 Ali Məclisi sədrinin müavini                     Anar İBRAHİMOV

Naxçıvan şəhəri, 7 noyabr 2023-cü il

 

 

İ.S.Məmmədovun Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

07.11.2023

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. İbrahim Süleyman oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilsin.
    2. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İbrahim Süleyman oğlu Məmmədova həvalə edilsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 Naxçıvan Muxtar Respublikası 
 Ali Məclisi sədrinin müavini             Anar İBRAHİMOV

Naxçıvan şəhəri, 7 noyabr 2023-cü il

 

 

Gülşənabad kəndində yeni içməli su xətti istifadəyə verilib

03.11.2023

Noyabrın 3-də Babək rayonunun Gülşənabad kəndində yeni içməli su xəttinin istifadəyə verilməsi mərasimi keçirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi və ölkəmizin suverenliyinin bərpası ilə əlamətdar olan bir ildə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Ötən dövrdə Gülşənabad kəndində içməli su problemi ilə əlaqədar sakinlər tərəfindən Səlahiyyətli Nümayəndəliyə müraciətlər daxil olub. Nəticədə aidiyyəti üzrə tapşırıqlar verilərək məsələ öz həllini tapıb.

Samir Seyidəhmədli qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən 11 prioritet istiqamətlərdən biri də əhalinin içməli su təminatı ilə bağlıdır. Artıq bu sahədə müəyyən tədbirlər görülüb və 2024-cü ildə bütün muxtar respublikada, o cümlədən Babək rayonunun yaşayış məntəqələrində sakinlərin içməli su təminatı yaxşılaşdırılacaq.

Səlahiyyətli nümayəndənin müavini həm yeni içməli su xəttinin istifadəyə verilməsi, həm də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar sakinlərə təbriklərini çatdırıb.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov görülən işlərə görə sakinlər adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli bildirib ki, Gülşənabad kənd sakinləri tərəfindən bu ilin avqust ayından daxil olan müraciətlərə baxılıb və içməli su təminatının yaxşılaşdırılması üçün meliorasiya sahəsinin mütəxəssisləri tərəfindən müvafiq işlər həyata keçirilib.

Yeni istifadəyə verilən subartezian quyusu və içməli su xətti ilə tanışlıq olub. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Şıxəliyev qeyd edib ki, sakinlərin müraciəti əsasında mütəxəssislər məsələyə yerində baxıb və bir subartezian quyusu qazılıb, 50 metr uzunluğunda yeni içməli su xətti çəkilərək mövcud xəttə birləşdirilib. Yeni qazılan subartezian quyusunun su sərfi saatda 40 kubdur. Ümumilikdə iki subartezian və bir kaptaj vasitəsilə Gülşənabad kəndindəki 90 ev içməli su ilə təmin olunub. Müvafiq Dövlət Proqramına əsasən muxtar respublika üzrə içməli su təminatı sahəsində görüləcək işlərin böyük hissəsi Babək rayonunu əhatə edir. Bu istiqamətdə içməli suyun yaxşılaşdırılması üçün rayonun Sirab kəndində 1 subartezian quyusu qazılıb, 5 kilometr uzunluğunda xətt çəkilib. Yaxın zamanda kəndə içməli suyun verilməsi təmin olunacaq. Güznüt kəndində 3 kilometr yeni boru xətti çəkilərək əhaliyə içməli suyun verilməsi təmin olunub. Çeşməbasar kəndində isə sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə işlərə başlanılıb. Qaraqala, Kalbaoruc və Vayxır kəndlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması üçün yeni subartezian quyusunun qazılması və boru xətlərinin çəkilişi nəzərdə tutulub.

Sonra kənd sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər nəzarətə götürülüb.

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet