Naxçıvan Muxtar Respublikasının su təminatının yaxşılaşdırılması üçün işlər davam etdirilir

16.05.2024

Muxtar respublikada 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq aprel ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilib, su anbarlarına suyun yığılması həyata keçirilib. Belə ki, 2024-cü ilin aprel ayının sonunda su anbarlarında 248,83 milyon kubmetr su ehtiyatı mövcud olub. Su istifadəçilərinə aprel ayı ərzində 37,27 milyon kubmetr su verilib, bunun müqabilində 30131 hektar torpaq sahəsi suvarılıb.

2024-cü ilin aprel ayı ərzində 3,88 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 34,04 kilometr beton və torpaq kanallar, 30,93 kilometr ara arxlar, 3,9 kilometr kollektor lildən təmizlənib, 3,95 kilometr içməli su, 0,04 kilometr suvarma boru, 0,13 kilometr kaptaj xətti çəkilib, 2,57 kilometr mövcud içməli su xətlərində, 0,04 kilometr kanalizasiya xətlərində, 0,68 kilometr suvarma boru xətlərində, 0,09 kilometr kaptajlarda və təzyiqli boru xətlərinin 1,8 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib.  Həmçinin torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Qorçulu kollektorunda 0,7 kilometr, Muğanlı kollektorunda 0,8 kilometr, Axaməd kollektorunda 0,9 kilometr, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda isə 1,5 kilometr olmaqla, ümumilikdə, 3,9 kilometr kollektor lildən təmizlənib. Beləliklə, görülən işlər nəticəsində Şərur rayonunun 29 hektar, Naxçıvan şəhərinin isə 30 hektar olmaqla, ümumilikdə, 59 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib. Belə ki, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunda Qahab kənd kaptajından Naxışnərgiz kəndində yerləşən subartezian quyusunun supaylayıcı qurğusuna 750 metr uzunluğunda yeni sugətirici boru xətti, Ordubad rayonunda isə Gilançay hövzəsində yeni tikilmiş kaptajdan Sabirkəndə 3200 metr uzunluğunda yeni sugətirici boru xətti çəkilib. Həmçinin Culfa rayonunda Əbrəqunus kənd kaptajının uzunluğu 30 metr artırılıb, Ordubad rayonunda Gilənçay hövzəsində 100 metr yeni kaptaj tikilib.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Həmzəli-2”, “Qorçulu”, “Zeyvə-1”, “Zeyvə-2” və “Dərəkənd” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Hacıvar”, “Badaşqan” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,98 kilometr hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Daylaqlı”, “Şahbuzkənd” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərinin 0,1 kilometr hissəsində, Culfa rayonunda “Culfa-1” nasos xəttinin 0,09 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1” nasos stansiyasının təzyiqli boru xəttinin 0,05 kilometr hissəsində, Naxçıvan şəhərində “Azərbaycan”, “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,5 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

2024-cü ilin aprel ayı ərzində 3 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 2 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 330 metr kürə təmizlənmiş, 13 metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3 ədədinə yeni nasos quraşdırılmaqla, 64 ədədi əsaslı təmir olunub.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 21 evin içməli su xəttinə, 320 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

 

 

Şərur rayonunda "Sudan səmərəli və qanuni istifadə" ilə bağlı tədbir keçirilib

14.05.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən may ayının 13-də Şərur və Sədərək rayonlarının yerli icra nümayəndələrinin, bələdiyyələrin və bu sahəyə məsul şəxslərin iştirakı ilə "Sudan səmərəli və qanuni istifadə" ilə bağlı tədbir keçirilib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sahib Qurbanov, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Ümummili Liderin xatirəsi anılıb

10.05.2024

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı  Açıq Səhmdar Cəmiyyətinin kollektivi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini və Heydər Əliyev muzeyini ziyarət ediblər.

Daha sonra Cəmiyyətdə “Ulu Öndər Heydər Əliyevin meliorasiya və su təsərrüfatının inkişafında misilsiz rolu” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı  Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Malik Rzayev bildirib ki, Ulu Öndərin elə bir sahə yoxdur ki, orada əməyi olmasın. Genişmiqyaslı quruculuq və gələcəyə hesablanmış tədbirlərinin başında həm də meliorasiya və irriqasiya sahəsi gəlirdi. Müdrik dövlət xadiminin bu sahədə yürütdüyü taleyüklü siyasətin əsas prioritetlərindən biri də Naxçıvanın meliorasiya və irriqasiya sisteminin yaxşılaşdırılması idi. Beləliklə, 1969-cu ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi, meliorasiya və irriqasiya işləri də geniş vüsət aldı. İnkişafına Ulu Öndər tərəfindən təkan verilən meliorasiya sahəsi bu gün də ölkəmizdə, o cümlədən muxtar respublikamızda sürətlə davam edir. Muxtar respublikanın içməli və suvarma suyunun təmin edilməsi, ən müasir texnologiyaların tətbiqi, mövcud strukturun qorunub saxlanılması, sudan səmərəli və qənaətlə istifadə edilməsi Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilir.
Daha sonra mövzu ətafında digər çıxışlar dinlənilib.

 

"Sudan səmərəli və qanuni istifadə" ilə bağlı tədbir keçirilib.

07.05.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən mayın 7-də Babək Rayon İcra Hakimiyyətində yerli icra nümayəndələrinin, bələdiyyələrin və bu sahəyə məsul şəxslərin iştirakı ilə "Sudan səmərəli və qanuni istifadə" mövzusunda tədbir keçirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Prokurorluğun şöbə rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələrinin istehsalat təcrübəsi keçirilib

24.04.2024

Tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulma predmetlərindən biri də istehsalat təcrübəsidir. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.

Hər il olduğu kimi, bu il də Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri fevral ayının 16-dan başlayaraq Naxçıvan Muxtar respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təcrübə məşğələsi keçirlər. Keçirilən məşğələlər çərçivəsində tələbələr  Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksində, Şahbuz Şəhər Təmizləyici Qurğuları və Heydər Əliyev su anbarında istehsalat təcrübəsində olublar.

Keçirilən istehsalat təcrübəsində tələbələr nəzəri biliklərini əyani təcrübələrlə təkmilləşdirib, yeni texnologiyalar və iş üsulları ilə tanış olublar. Muxtar respublikanın içməli və suvarma suyuna olan tələbatının ödənilməsi, çirkab sularının təmizlənərək yenidən istifadə edilməsi, müasir texnologiyaların işləmə mexanizmi, mövcud su ehtiyatları, sudan səmərəli və qənaətli istifadə edilməsi haqqında tələbələrə məlumat verilib.

Təcrübə əsnasında Şahbuz Şəhər Təmizləyici Qurğularının baş mühəndisi Xəzər Abdullayev, Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksinin baş mühəndisi Qoşqar Məmmədov, Heydər Əliyev su anbarının sahə rəisi Mirdamət Seyidov və təcrübə rəhbəri Akim Axundov tələbələrin suallarını cavablandırıblar.

Naxçıvan Muxtar Respublikası

Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin

mətbuat xidməti

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet