Dəstə kəndi içməli su ilə təmin edilib

06.02.2024

Ötən ilin dekabr ayından başlayaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi rayonun Dəstə kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün başladığı işləri yekunlaşdırıb.

Cəmiyyətin mətbuat xidmətindən aldığımız məlumata görə artıq kənd sakinlərinin içməli su problemi tam həllini tapıb. Belə ki, melioratorlar tərəfindən görülən işlər nəticəsində diametri 200 millimetr olan plastik borularla 100 metr kaptajın tikintisi başa çatdırılıb və kaptajın üzərində 3 baxış quyusu və 1 siyirtmə qoyulub. Kaptajdan boru xəttinə diametri 90 millimetr olan plastik borularla Dəstə kəndinin suaparıcı içməli xəttinin  1200 metri çəkilib. Artıq kənd sakinləri 95 bulaq vasitəsilə fasiləsiz olaraq içməli su ilə təmin olunurlar.

Nail ƏSGƏROV

 

 

Mütəmadi yağan qar bizə bol su vəd edirmi?

31.01.2024

Məlumdur ki, ötən il muxtar respublika kəndləri su sarıdan bir sıra çətinliklər yaşayıb. Bəs bu il necə? Mütəmadi yağan qar bizə bol su vəd edirmi? “Şərq qapısı” qəzetinin əməkdaşı Nail Əsgərov mövzuyla bağlı araşdırma aparıb

Yanvar ayının ikinci həftəsindən etibarən ölkəmizin hər yerində, o cümlədən Naxçıvanın ən ucqar dağ kəndlərindən tutmuş ta ki şəhərədək yağan qar böyükdən-kiçiyə hər kəsin sevincinə səbəb olub. Balacalar bu bəmbəyaz təbiət gözəlini əyləncə növünə çevirib sevinirsə, böyüklər, xüsusilə də təsərrüfatla, əkin-biçin işləri, heyvandarlıq sahələri ilə məşğul olanlar bar-bəhərli bərəkət rəmzinə, Uca Yaradanın ruzi payına şükranlıqlarını ifadə edir, ürəkdən şadlıq hissi keçirirlər. Bəli, qar bərəkət, bolluq simvoludur, ulu babalarımız əbəs yerə “Qışın qarı, yazın barı” ifadəsini işlətməyiblər. Xüsusilə də dünyada müşahidə olunan qlobal iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması, çaylarda sululuğun aşağı düşməsi, əhalinin sürətli artımı, ölkəmizdə iqtisadiyyatın, kənd təsərrüfatı sahələrinin inkişafı sudan qənaətlə istifadəni zəruri etdiyi bir zamanda...

Yağan qarın suvarma suyuna tələbatın ödənilməsi baxımından təsiri barədə sualımızı Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov cavablandıraraq deyir ki, son günlərdə muxtar respublikada yağıntıların çoxluğu su anbarlarında toplanan su ehtiyatlarının artmasına imkan verəcək. Belə olan təqdirdə isə suvarma mövsümündə bitkilərin suya olan tələbatı daha yaxşı ödənəcək. Bu da imkan verəcək ki, kənd təsərrüfatı sahələrində dirçəlmə prosesləri uğurla getsin, əkin-biçin ərazilərindən daha bol məhsul əldə olunsun.

Qarın əkinçiliyə faydalarından danışan Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Nigar Abdullayeva isə qeyd edir ki,  qış aylarında qarın yağması və uzun müddət yerdə qalması torpaqlarda kifayət qədər nəmlik yaradır. Bu da, əsasən, payız taxıl əkinlərinə, çoxillik əkmələrin yaz becərmələrində və inkişafında əsaslı rol oynayır. Yağıntıların hissə-hissə yağması taxıl əkinləri ilə yanaşı, meyvə bağlarının da inkişafına müsbət təsir göstərir. Yəni yağan qar-yağışın meyvə bağlarının kök sistemi tərəfindən tədricən mənimsənilməsi və ehtiyat nəmliyin yaradılması gələcəkdə bağın inkişafına səbəb olur. Torpaq mülkiyyətçiləri bilməlidirlər ki, yağıntıların davamlığından, əsasən də, fevral ayında qar yağmasından, torpaqda qalmasından istifadə etməklə həmin müddətdə taxıl əkinlərinə karbamid gübrəsinin verilməsinin böyük əhəmiyyəti olacaqdır... 

Təbii ki, qış aylarında qarın davamlı yağması yaz-yay aylarında şirin su ehtiyyatlarının artması baxımından nə qədər müsbət təsir göstərsə də, bu hal qənaətsizliyə, sui-istifadəyə yol açmamalıdır. Nəzərə alsaq ki, ölkəmizdə son illərdə aqrar sahənin inkişafına həm hökumət, həm də əhali tərəfindən böyük diqqət yönəldilib, ilboyu minlərlə hektar ərazidə əkin-biçin işləri aparılır, o zaman daha çox su sərfiyyatının yarandığı suvarmada israfçılığın qarşısının alınması üçün əsas şərtlərdən biri kimi, səmərəli metodların tətbiqi ön plana çıxır. Digər tərəfdən, suvarma prosesində ədalətli bölgünün təmini də həm məhsuldarlıq, həm də suya qənaət baxımından olduqca vacib məsələdir. Məhz bu baxımdan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda, eyni zamanda proqrama uyğun hazırlanan 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan icrası vacib işlər həm dövləti, həm də əhalini düşündürən sözügedən aktual məsələnin həlli üçün geniş imkanlar açır. Tədbirlər Planının qəbulundan ötən müddətdə aidiyyəti qurumlar tərəfindən bu sahədə bir sıra işlərin görülməsinə başlanılıb... 

Suvarma suyuna bilavasitə məsul qurum kimi, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artan tələbatın ödənilməsi məqsədilə keçirilmiş satınalma müsabiqələri uğurla başa çatıb. Tərəflər arasındakı müqavilə şərtlərinə uyğun olaraq Araz su anbarından Heydər Əliyev su anbarına suyun verilməsi məqsədilə yeni nasos stansiyasının və diametri 1200 millimetr olan 30 kilometr uzunluğunda qoşa boru xəttinin tikintisi, Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması həyata keçiriləcək. Eyni zamanda Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması, Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin inşası reallaşdırılacaq. Artıq sadalanan istiqamətlər üzrə layihələndirmə işləri başa çatdırılıb. Bundan başqa, Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının diametri 720 millimetr olan 18,8 kilometr uzunluğunda boru xətti yenidən qurulacaq. Layihələndirmə işləri başa çatdırılıb, ekspertizadan keçməsi üçün aidiyyəti quruma göndərilib. Həmçinin meliorasiya və irriqasiya sahəsində nəqliyyat-texnika parkının yenilənməsi ilə bağlı müqaviləyə əsasən təchizatçı tərəfindən müvafiq tədbirlərin icrasına başlanılıb...

Əminliklə, demək olar ki, ölkəmizin kənd təsərrüfatı sürətli inkişaf etmiş iqtisadi rayonlarından hesab olunan Naxçıvanda içməli və suvarma suyuna qənaət edilməsi, tələbatın səmərəli şəkildə ödənilməsi istiqamətində görülən qabaqlayıcı işlər və Uca Yaradanın bəxşişi bərəkət rəmzi qarın davamlı yağması yaz-yay aylarında çaylarda, göllərdə suyun çoxalmasına, o cümlədən əkinçiliyin, heyvandarlığın inkişafına yol açacaq. Çəkilən əməyə, zəhmətə xitabən qışın ruzi payının, yaz-yayın bar-bəhərinin bol olması, 2024-cü ilin ölkəmizə yeni iqtisadi uğurlar, nailiyyətlər gətirməsi diləyi ilə...

Nail ƏSGƏROV

 

 

Güznüt və Çeşməbasar kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

29.01.2024

Babək rayonunun Çeşməbasar kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən diametri 125 millimetr olan polietilen borularla 3300 metr uzunluğunda ana xətt çəkilib. Cəmiyyətin mətbuat xidmətindən aldığımız məlumata görə kəndin məhəllələrinə müxtəlif diametrli borularla uzunluğu 3000 metr olan yeni içməli su xəttinin çəkilməsi nəzərdə tutulub. Hazırda bu məqsədlə Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən qazıntı işləri aparılır.

Rayonun Güznüt kəndinin də içməli su təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır. Məlumatda qeyd olunur ki, kəndin içməli su təminatının yaxşılaşdırmaq üçün 160 millimetrlik plastik borularla 3066 metr uzunluğunda içməli su xətti çəkilib. Hazırda kəndin digər məhəlləsinin su təminatını yaxşılaşdırmaq məqsədilə müxtəlif diametrli boru xəttinin çəkilməsi üçün boru xəttinin yerinin hamarlanması işləri aparılır.

Nail ƏSGƏROV

 

Su təminatının yaxşılaşdırılması üçün mütəmadi işlər görülür

26.01.2024

Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin dekabr ayının sonuna 65,73 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə dekabr ayı ərzində 4,48 milyon kubmetr su verilib, bunun müqabilində 3 min 675 hektar torpaq sahəsi suvarılıb.

2023-cü ilin son ayı ərzində 0,12 kilometr selə qarşı istiqamətləndirici bənd, 20,54 kilometr beton və torpaq kanallar, 16,83 kilometr ara arxlar, 3,5 kilometr kollektor lildən təmizlənib, 2,59 kilometr içməli su, 0,2 kilometr kanalizasiya, 0,01 kilometr kaptaj xətləri çəkilib, 0,96 kilometr mövcud içməli su xətlərində, 0,12 kilometr kanalizasiya xətlərində, 0,35 kilometr suvarma boru xətlərində, 3,64 kilometr təzyiqli boru xətlərində, 0,17 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənib. Belə ki, Şərur rayonunda Muğanlı kollektorunda 1,3 kilometr, Qorçulu kollektorunda isə 2,2 kilometr olmaqla cəmi 3,5 kilometr kollektorlarda lildən təmizləmə işləri aparılıb. Görülən işlər nəticəsində Şərur rayonunun 42 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Həmzəli-2”, “Qorçulu”, “Qarahəsənli”, “Dərəkənd”, “Zeyvə-1”, “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 3,14 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Nehrəm”, “Qoşadizə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Şahbuz rayonunda Külüs və Mahmudoba kəndlərinin subartezian quyularının təzyiqli boru xətlərində 0,02 kilometr, Culfa rayonunda Bənəniyar su anbarının, Culfa şəhər və Yaycı kənd içməli su təchizatı sistemlərinin təzyiqli boru xətlərində 0,1 kilometr, Kəngərli rayonunda “Kərki”, “Böyükdüz”, “4 №-li” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,18 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,08 kilometr təmir-bərpa işləri aparılıb.

2023-cü ilin dekabr ayı ərzində 3 kəhrizdə cari təmir işləri yerinə yetirilib. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3-nə yeni nasos quraşdırılmaqla 36-sı əsaslı təmir olunub. Bundan əlavə, Babək rayonunun Sirab kəndində 1 subartezian quyusu tikilərək istifadəyə verilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 41 evin içməli su xəttinə, 152 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

 

 

Dəstə kəndinin içməli su təminatı yaxşılaşdırılır

24.01.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi rayonun Dəstə kəndində içməli su xəttinin və kaptajın tikintisi işlərini davam etdirir. Cəmiyyətin mətbuat xidmətindən "Şərq qapısı" qəzetinə verilən məlumata görə görülən işlər nəticəsində Dəstə kəndinin içməli su xəttinin 1200 metri çəkilmiş, xəttin üzərində 1 ədəd quyu qoyularaq siyirtmə quraşdırılıb. 

İdarənin əməkdaşları tərəfindən kaptajın tikintisi işləri də davam etdirilir. Kaptaja diametri 200 millimetr olan 100 metr uzunluğunda koje boru salınmış, borunun üzəri müxtəlif diametrli çınqıl qatı ilə 80 santımetr qalınlığında örtülmüş, əlavə olaraq qum qatı verilmiş və kaptajın üzərində 3 ədəd quyu quraşdırılmışdır. Qısa zamanda kaptajın və içməli su xəttinin tikintisi başa çatdırılacaqdır.

Nail ƏSGƏROV

 

 
 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet