8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib.

07.03.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Cəmiyyətin sədr müavini Malik Rzayev Azərbaycan qadının ictimai-siyasi, sosial mövqeyindən, qəhrəmanlığından və zəhmətkeşliyindən bəhs edib. İctimai həyatın bütün sahələrində uğurla təmsil olunan qadınlarımızın əməyini xüsusi vurğulayıb. Başda şəhid anaları, şəhid xanımları olmaqla, bütün qadınlarımızı təbrik edən sədr müavini onlara cansağlığı, işlərində uğurlar arzulayıb.

  

 

 

Meliorativ tədbirlər davam etdirilib

06.03.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən kollektor və ara arxların lildən təmizlənməsi işləri görülür.

Belə ki, İdarənin əməkdaşları tərəfindən Muğanlı, Qorçulu, Axamət kəndlərində 750 metr kollektorlarda, Xələc, Danyeri, Qarxun, Çomaxtur kəndlərində 1,7 kilometr məsafədə ara arxlarda lildən təmizləmə işləri görülüb, 1,4 kilometr kollektorlarda hamarlanma işləri aparılıb. Görülən işlər nəticəsində 72 hektar sahədə qurunt sularının səviyyəsi aşağı salınıb.

   

 

 

Şəhid ailələri diqqətdə saxlanılır

05.03.2024
Ordubad rayonunun Darkənd kənd sakini, şəhid atası Rza Məmmədəliyevin Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə müraciəti əsasında Darkənd kənd qəbiristanlığına 1000 metr uzunluğunda su xətti çəkilib.

 

 

Sudan qənaətlə istifadə edilməsi bütün dünyada aktual olan məsələdir. Bəs muxtar respublikada vəziyyət necədir?

02.03.2024

Sudan qənaətlə istifadə edilməsi bütün dünyada aktual olan məsələdir. Bəs muxtar respublikada vəziyyət necədir? –

Bu gün bütün dünyada şirin su çatışmazlığı aktual məsələdir. Bu baxımdan illərdir ki, sudan qənaətlə və səmərəli istifadə edilməsi diqqətdə saxlanılır. Proqnozlara görə 50 ilə yaxın bir müddətdə şirin su qaynaqları tükənmək təhlükəsi ilə üz-üzə qalacaq. Bunun üçün həyəcan təbili çalmağa dəyər. Azərbaycan da su ehtiyatları az olan ölkələrdən olduğu üçün bu problemə də həssaslıqla yanaşır və sudan qənaətlə istifadə edilməsi üçün dövlət əhəmiyyətli addımlar atır. Bunun üçün ölkənin bütün regionlarında su ilə bağlı xüsusi strategiyalar hazırlanır.  

Naxçıvanda sudan qənaətli və səmərəli istifadə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də bütün öhdəliklərini yerinə yetirir. Bu məqsədlə, Cəmiyyətin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirovla həmsöhbət olduq.

Səttar müəllim qeyd etdi ki, muxtar respublika ərazisində kənd təsərrüfatından yüksək məhsuldarlıq əldə etmək üçün mütləqdir ki, suvarma problemi öz həllini tapsın. Elə bu baxımdan muxtar respublikada suvarma prosesinin aparılması üçün ilin əvvəlində hər bir region üçün suvarma planları tətbiq edilir və planlar tətbiq edildikdən sonra suvarma mövsümü başlayan zaman suyun istifadəsinə ciddi nəzarət aparılır.

"Muxtar respublika ərazisində 30-a qədər irili-xırdalı su anbarları mövcuddur. 2023-cü ilin suvarma mövsümündə 187145 min kubmetr su verilib və bunun müqabilində təkrari suvarma nəzərə alınmaqla    151 min 816 hektar sahə suvarılıb. Təkcə su anbarlarında yox, ümumiyyətlə, muxtar respublika ərazisində, istər çaylarda, istərsə də çaylar üzərində qurulmuş nasos stansiyalarında, subartezian quyularında mövsümü yaxşı başa çatdırmaq üçün müxtəlif tədbirlər görülüb".

Müsahibimiz qeyd edir ki, 2024-cü ilin suvarma mövsümü artıq yaxınlaşır. Bunun üçün sudan istifadə plan-proqnozu hazırlanıb. Beləliklə, təqribən sahələrə 283 min 576 kubmetr su veriləcək və bunun müqabilində təkrar suvarma nəzərə alınmaqla, 271 min 631 hektar sahə suvarılacaq. Su anbarlarına suyun yığılma prosesi mütəmadi olaraq həyata keçirilməkdədir. 26 fevral 2024-cü ildə tarixinədək muxtar respublikadakı su anbarlarına 111,14 milyon kubmetr su yığılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur. Yəni, ötən il   93,57 milyon kubmetr su toplandığı halda, bu il 111,14 milyon kubmetr su yığılıb.

Səttar müəllim, torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması istiqamətində hansı addımlar atılıb?

Toplanmış su ehtiyatlarından itkisiz, qənaətli və səmərəli istifadə olunması, torpaq sahələrinə çatdırılması Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran əsasən vəzifələrdən biridir. Belə ki, 2024-cü ildə də torpaqların su təminatının yaxşılaşdırılması, suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün muxtar respublikada mövcud olan kaptajlarda, kollektor və suvarma boru xətlərinin ehtiyac olan hissələrində cari təmir-bərpa işləri aparılır, arxlar lildən təmizlənir, ümumilikdə, geniş miqyaslı meliorativ tədbirlər görülür.

Məlumat üçün bildirim ki, meliorativ tədbirlər ötən il də mütəmadi həyata keçirilib. Belə ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində 4,91 km seləqarşı istiqamətləndirici bəndlər tikilib, 194,42 km beton və torpaq kanal, 237,16 km ara arxlar, 29,81 km kollektor lildən təmizlənib, 22,83 km içməli su, 1,11 km kanalizasiya xətti, 0,11 km suvarma boru, 0,3 km yeni kaptaj xətti çəkilib, 30,23 km mövcud içməli su xətlərində, 1,73 km kanalizasiya xətlərində, 50,6 km suvarma boru xətlərində, 24,69 km təzyiqli boru xətlərində, 6,1 km kaptajlarda və 0,32 km açıq drenajlarda təmir-bərpa işləri aparılıb.

2024-cü ilin suvarma mövsümünün başlanmasına demək olar ki,  az müddət qalır. Su anbarlarına yığılan suyun miqdarı bizə bunu söyləməyə imkan verir ki, bu il suvarma mövsümü daha yaxşı həyata keçiriləcək. Cari ilin suvarma mövsümündə də su itkilərinin qarşısını almaq, suvarma suyunu vaxtında və itkiyə yol vermədən əraziyə çatdırmaq diqqətdə saxlanılır.

Müsahibə üçün çox sağ olun!

 

 

Muxtar Respublikanın su təminatı yaxşılaşdırılır

01.03.2024

Muxtar Respublikanın su təminatı yaxşılaşdırılır

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikanın su təminatının yaxşılaşdırılması istiqamətində mütəmadi işlər görülür. Ötən il ərzində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu istiqamətdə görülən işlərlə tanış olduq.

Cəmiyyətin Layihə-ekspertiza şöbəsinin baş məsləhətçisi Ayxan Həsənov bildirir ki, 2023-cü ildə yeni nasos stansiyası ilə bağlı tikinti işləri aparılmayıb, lakin mütəmadi olaraq Cəmiyyətin tabe idarələri tərəfindən mövcud nasos stansiyalarında və təzyiqli boru xətlərində cari və əsaslı təmir işləri aparılır.

Müsahibimiz qeyd etdi ki, Dövlət Proqramında yeni nasos stansiyaların tikintisi nəzərdə tutulub. Belə ki, Araz su anbarından Heydər Əliyev su anbarının çıxışına suyun verilməsi məqsədilə yeni nasos stansiyasının və təzyiqli boru xəttinin çəkilməsi planlaşdırılır. Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xətlərinin, bunlardan əlavə Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün "Araz-1" və "Araz-2" 2 pilləli nasos stansiyasının və təzyiqli boru xəttinin yenidən qurulması nəzərdə tutulur. Məlumat üçün bildirək ki, "Qaraçuq-1" nasos stansiyasından Naxçıvan şəhəri, Kəngərli və Babək rayonlarının ərazisində ümumilikdə 8300 ha torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisi ilə bağlı müəyyən işlər görülüb, layihənin davam etdirilməsi Dövlət Proqramında nəzərdə tutulmuşdur.

Qeyd edim ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində nasos stansiyalarda və təyziqli boru xətlərində mütəmadi olaraq cari təmir işləri davam etdirilib. Belə ki, Şərur rayonunda nasos stansiyalarının təzyiqli boru xətlərində 11,04 km, Babək rayonunda nasos stansiyalarının təzyiqli boru xətlərində 4,5 km, Şahbuz rayonunda nasos stansiyalarının və subartezian quyularının təzyiqli boru xətlərində     1,35 km, Culfa rayonunda nasos stansiyalarının və Culfa şəhər içməli su xəttinin təzyiqli boru xətlərində 2,27 km, Ordubad rayonunda nasos stansiyalarının təzyiqli boru xətlərində 2,7 km, Sədərək rayonunda nasos stansiyalarının təzyiqli boru xətlərində 0,65 km, Kəngərli rayonunda nasos stansiyalarının və Böyükdüz ərazisindəki qapalı suvarma şəbəkəsinin təzyiqli boru xətlərində 1,44 km və Naxçıvan şəhəri ərazisində olan nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,74 km təmir-bərpa işləri aparılıb.

Ayxan müəllim, muxtar respublikada su təminatı hansı səviyyədədir, yeni layihələr varmı? Dövlət Proqramından irəli gələn məsələlərin həlli istiqamətində hansı işlər görülür?

“Deyə bilərəm ki, Dövlət Proqramına uyğun olaraq, Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması ilə bağlı qalib şirkət tərəfindən layihələndirmə işlərinə başlanılıb. Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulmasının layihələndirilməsinə start verilib. Qaraçuq magistral kanalının yenidən qurulmasının layihələndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması ilə bağlı tender elan edilib. Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkəsinin tikintisinin layihələndirilməsi  və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması layihəsi çərçivəsində də tender elan edilib.

Naxçıvan Muxtar Respublikasında 2011-ci ildən icra olunan rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının layihələndirilərək davam etdirilməsi bəndinə əsasən, “Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin, Qarabağlar, Xok, Yurdçu və Qabıllı kəndlərinin su təchizatı sistemi üzrə yarım qalmış işlərin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edilib.

Sonda məlumat üçün bildirim ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti il ərzində mütəmadi olaraq suvarma və içməli sudan qənaətli və səmərəli istifadə edilməsi üçün maarifləndirmə tədbirləri görür. Bu məqsədlə həm mətbuatda, həm də yerlərdə çıxışlar edilir. Cari ildə yerlərdə vətəndaşlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.

Ayxan müəllim, müsahibə üçün çox sağ olun. Təşəkkür edirik.

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet